Biri var idi biri yox idi...
Bir xanım və əlində bir mikrafonu var idi... Bu xanım dərə-təpə düz gedərək rastlaşdığı kənd camaatına hansı operatoru işlədirsiniz sualı ilə müraciət edər, yerli əhalidə ona bir mənalı olaraq “flan” operator cavabını verməklə onu sevinclərə qərq edərək növbəti kəndə yola salardı...
Çəkilişlər və iştirakçılar o qədər sünidir ki...
Əlbəttə “flancell” işlədirik... Qızımı da köçürmüşəm Daşkəsənə. Flancell tutur orda başqa heç bir operator tutmur.
Bu kimi nağılların baş qəhrəmanları da, köməkçi personajları da uşaqlığımda tanış olduğum nağıl dünyamdan daha süni, daha bayağı və daha “nağıl”dır...
Hələ silsiləvi 3G nağıllarından danışmıram... İki buynuzlu Divlər, 7 başlı Əjdahalar, Təpəgözlər daha inandırıcı təsir bağışlayırdı, nəinki günümüzün 3G nağılları...
Avtomobil sektorunun nağılları da sektora xas sürətlə yayılmaqda və insanları “nağıl” dünyalarına cəlb etməkdədirlər. “Aylıq - minimal - manatdan başalayan qiymətlərlə” dir ən populyar nağıl başlıqları... Bu haraya cavab verənlərin nağıl yuxularından oyanmaları üçün isə ilkin ödəniş, bank xərcləri, sığorta ödənişlərinin bildirilməsi kifayət etməkdədir.
Texnoloji nağıllarda ssenarilər 3 illik, 5 illik zəmanət “div”ləri ilə daha da süstləşdirilir. Lakin yaşanan hər hansı bir problem zamanı “div”lərin həqiqi simaları istehlakçılara göstərilməkdə, nağıl dünyalarından reallıqlara “şok” keçid təmin olunmaqdadır.
Uşaqlığımızın nağılları bir xəyal məhsulu olsa da, bizlərə fərqli hisslər və fərqli həyəcanlar verməklə həyatlarımıza maraq qatardılar. Reklam nağıllarındakı məqsədi isə başa düşməkdə acizəm... Süni, şişirdilmiş məhsul və xidmətlərin alışından, istifadəsindən sonra qarşılaşacağımız fiaskolarla şirkətlər nəyi əldə etməyi planlaşdırırlar?!
Yoxsa bu nağılların məqsədi sadəcə periodik və mövsümü xarakter daşımaqdadır?! Yəni, nağıl mövsümü başladı tez və tələsik bir nağıl uydurub ictimaiyyətə çatdıraq düşüncələrinin nəticəsidirmi hər şey?!
Birdə bu nağılları yayımlayan orqanlar var ki, gəlir qarşılığında heç bir müdaxilə etmədən insanlarımızın kütləvi aldanmasına səbəb olmaqdadırlar. İstənilən halda istehlakçılar bu reklam nağıllarının qurbanına çevrilməkdə, sonradan nağılların fərqinə varsalarda əllərindən bir şey gəlməməkdədir... Çünki nağıl danışmaq dəb halını almış, sağlam və kəskin rəqabətin olmaması isə bu nağılların kütləviləşməsinə səbəb olmuşdur...