Qlobal böhran dünyanı silkələdi. Çoxsaylı ölümlərə səbəb olur, insanlar evdən çıxmağa qorxur, uzun müddətdir görünməyən iqtisadi böhrana aparır. Təsirləri bütün dünyada dolanır.


Aydındır ki, COVID-19 haqqında danışıram. Amma bir neçə onillik ərzində yuxarıda sadaladıqlarımız başqa bir böhranı təsvir edəcək: iqlim dəyişikliyi. Bu pandemiya nə qədər təhlükəlidirsə, iqlim dəyişikliyi bir o qədər çox təhlükəli olacaq.


Başa düşürəm ki, bu problem haqqında indidən iqlim dəyişikliyi kimi fikirləşmək çətindir. İnsanın təbiəti elədir ki, hansısa fəlakətlə üzləşəndə yalnız təməl ehtiyaclar barəsində narahat olur. Xüsusilə də COVID-19 kimi təhlükəli xəstəlik olduqda. Amma olduqca yüksək temperaturlar hələ real görünməsə də, problem böyük olaraq qalır. Bu problemin gətirəcəyi pis nəticələrdən qurtulmağın ən yaxşı yolu səylərimizi indidən sürətləndirməkdir. Dünya koronavirusdan qurtulmağa və özünü bərpa etməyə çalışdığı kimi biz də istixana qazı emissiyasından azad olmaq üçün uyğun layihələr hazırlamalıyıq ki, təhlükənin qarşısını ala bilək.


Proqnozlaşdırıldığı kimi, iqtisadı fəaliyyətin zəifləməsi nəticəsində dünya keçən illə müqayisədə bu il daha az istixana qazı buraxacaq. Bu proqnozların doğru olmasına baxmayaraq, iqlim dəyişikliyi böhranı ilə mübarizə aparmaq üçün bunun əhəmiyyəti çox şişirdilib. Analitiklər bu proqnozla razılaşmasalar da, Beynəlxaq Enerji Agentliyi bu il 8% azalma olacağını proqnozlaşdırır. Bu o deməkdir ki, biz 51 milyard ton karbon deyil, 47 milyard ton karbon sərf edəcəyik.


Bu göstərici kifayət qədər yaxşıdır, hər il daha da azaltmağa çalışsaq, gözəl nəticə əldə olunacaq. Amma edə bilmərik.


8% azalma nəyin bahasına əldə olunub? 600000-dən çox insan ölüb, 10 milyonlarla insan işləmir. Bu ilin aprel ayında nəqliyyat sıxlığı keçən ilin apreli ilə müqayisədə 50% az idi. Aylarla hava nəqliyyatı dayanmışdı.


“Diqqət çəkən məqam pandemiyaya görə karbon sərfinin nə qədər azalacağı deyil, hansı sürətlə azalacağıdır.” Daha yumşaq desək, bu, heç kimin davam etməsini istəmədiyi vəziyyətdir. Və biz hələ də keçən il sərf etdiyimiz karbonun 92 faizini bu il sərf edəcəyik.


Üstəlik, bu azalmalar çox böyük itkilər bahasına əldə olunub.


Niyəsini görmək üçün gəlin 1 ton karbon qazını azaltmağın neçəyə başa gəldiyinə baxaq. 1 ton karbon qazını azaltmaq-bu iqtisadçıların karbon qazını azaltmaq strategiyaları üçün qəbul olunmuş normadır. Məsələn, sənin 1 milyon dollarlıq texnologiyan var və bunu istifadə etməklə 10000 ton karbonun qarşısını ala bilərsən. Onda sən istifadə olunmuş hər 1 ton karbon üçün 100 dollar ödəmiş olursan. Əslində isə 1 ton üçün 100 dollar çoxdur. Amma iqtisadçılar fikirləşir ki, bu rəqəm karbon qazının cəmiyyətə neçəyə başa gəldiyini göstərir. Eyni zamanda, bu mövzuda hesablamalar aparmaq üçün etalon kimi götürülə bilir.


İndi isə gəlin COVID-19 dövründə əldə olunan azalmaya bu cür yanaşaq. İqtisadiyyatın vacib sahələrinin bağlanması 1 ton karbon azalması üçün 100 dollara başa gəldi?


Xeyr. ABŞ-da bu rəqəm Rodium Qrup-un hesablamasına görə, 1 ton karbon üçün 3200-5400 dollardır. Avropada da bu rəqəm təxminən eynidir. Başqa sözlə, qapanma zamanı 1 ton karbon qazının azaldılması iqtisadçıların hesabladığından 32-54 dəfə baha başa gəlir.


“İqlim dəyişikliyinin bizə hansı zərərləri vuracağını başa düşmək üçün COVID-19-a bax və bunun uzun müddət davam etdiyini fikirləş”.


Əgər nəsə etməyə başlamasaq pandemiyaya görə itirilən həyatlar və yaşanan iqtisadi çətinliklər növbəti böhran üçün də keçərli olacaq.


Gəlin itkilərə baxaq. Nə qədər insan COVID-dən həyatını itirib və bu rəqəm gələcək böhran üçün necədir? Biz hazırda, yəni 2020-ci ildə pandemiyadan ölənlərin sayı ilə və deyək ki 2060-cı ildə iqlim dəyişikliyinə görə ölənləri müqayisə edə bilmərik. Çünki o vaxta qədər əhalinin sayı dəyişəcək. Amma ölüm nisbətini müqayisə edə bilərik. Hər 100000 adama düşən ölüm sayını.


Son həftənin statistikasına görə, 600000 insan COVID-dən həyatını itirib. Buradan görünür ki, hər 100000 adama 14 ölüm düşür.


Bəs iqlim dəyişməsi zamanı bu rəqəmlər necə olacaq? Növbəti 40 il ərzində temperaturun artmasına görə, ölüm dərəcəsi bugünkü COVID-in ölüm dərəcəsi ilə eyni olacaq. Əsrin sonuna qədər karbon sərfi eyni qalsa, ölüm dərəcəsi hər 100000 nəfərə 73 nəfər olacaq. Karbon emissiyasını azalda bilsək ölüm dərəcəsi 10-a düşəcək.


Başqa sözlə, 2060-cı ilə qədər iqlim dəyişikliyi COVID qədər təhlükəli olacaq, 2100-cü ilə qədər isə 5 dəfə daha təhlükəli olacaq.


İqtisadi vəziyyət də aydındır. Pandemiya dövründə və iqlim dəyişikliyi dövründə iqtisadiyyata təsir edən amillər hansı iqtisadi modeli istifadə etməyimizdən asılı olaraq dəyişir. Nəticə isə dəqiqdir. Son bir-iki onillikdə iqlim dəyişikliyinin iqtisadiyyata vurduğu zərər pandemiya ilə eyni olacaq. Əsrin sonuna doğru isə karbon emissiyası azalmasa vəziyyət daha pis olacaq.


“Əgər COVID-19-dan dərs çıxarsaq, hərəkətsiz qalmağın hansı nəticələr verdiyini bildiyimiz üçün iqlim dəyişikliyinə daha məlumatlı yanaşa bilərik.”


Əsas məsələ iqlim dəyişikliyinin qorxulu olması deyil. Əsas məsələ odur ki, hazırdakı pandemiyadan öyrənərək, iqlim dəyişikliyinə daha hazırlıqlı ola, ölümlərin qarşısını ala bilərik.


Xüsusilə bunları etməliyik:


1. Qoyun elm və innovasiyaya liderlik etsin.


Karbon qazında olan bu ilki kiçik azalma bir şeyi dəqiqləşdirdi: az maşın sürərək və ya uçaraq karbon emissiyasını sıfra endirmək mümkün deyil.


Əlbəttə, bacardığımız qədər azaltmaq yaxşıdır. Fikirləşirəm ki, bir çox insan pandemiya bitdikdən sonra da biznes səyahət yerinə telekonfransa üstünlük verəcək. Amma ümumilikdə dünya daha çox enerji istifadə edəcək. Nə qədər təmiz olsa bir o qədər yaxşıdır.


Koronavirus üçün testlər, vaksinlər, müalicələr lazım olduğu kimi iqlim dəyişikliyi ilə mübarizə aparmaq üçün də yeni vasitələr lazımdır. Elektrik əldə etmək üçün, məhsul yetişdirmək üçün, tikmək, evlərimizi isitmək və soyutmaq üçün, idxal-ixrac üçün sıfır-karbon vasitələri lazımdır. Və iqlim dəyişikliyindən daha çox zərər çəkəcək kasıb insanlara kömək etmək üçün bizim yeni toxumlara və innovasiyalara ehtiyacımız var.


İqlim dəyişikliyinə qarşı hər cür cavab bir çox araşdırmadan keçməlidir. İqlim dəyişikliyi bizə “niyə bu problemlə məşğul olmalıyıq?” deyir. Amma indi “necə məşğul olmalıyıq” sualı ortaya qoyulub. Bunun üçün bizə biologiya, kimya, fizika, siyasi elmlər, iqtisadiyyat, mühəndislik və başqa sahələr lazımdır.


2. Tapılan həllərin kasıb ölkələr üçün də keçərli olduğundan əmin olun.


Biz hələki COVİD-19-un dünyanın kasıb ölkələrinə hansı təsirləri edəcəyini bilmirik. Amma pandemiyadan sonra o ölkələr daha çətin vəziyyətlə üzləşməli olacaqlar. İqlim dəyişikliyi də ən çox kasıb insanlara zərbə vuracaq.


İqlim dəyişikliyinin təsirlərinə ölüm dərəcəsi üzərindən baxaq. İqlim Dəyişikliyi Laboratoriyasının araşdırmasına görə, iqlim dəyişikliyi ölüm sayını gözəçarpacaq dərəcədə artırsa da, kasıb və varlı ölkələr arasında böyük fərqlər yaranacaq. Ən çox kasıb ölkələrdə xüsusilə də, ekvatordan aşağıda yerləşən ölkələrdə hava dözülməz dərəcədə isti olacaq və bu da ölüm sayını artıracaq.


İqtisadi vəziyyət də oxşar olacaq: qlobal ÜDM-də kiçik azalma, kasıb və isti ölkələrdə kütləvi azalma.


Başqa sözlə desək, iqlim dəyişikliyi COVID-19-dan daha sərt və təhlükəli olacaq. Bu dəyişikliyin yaranmasına ən az səbəb olan kasıb ölkələr fəsadları ilə daha çox üzləşəcəklər. Problemin ortaya çıxmasına səbəb olan böyük dövlətlər isə problemi həll etmək məsuliyyətini öz üzərlərinə götürməlidirlər.


Yəni, təmiz enerji mənbələri o qədər ucuz olmalıdır ki, bütün ölkələr üçün əlçatan olsun. Bu ölkələr öz iqtisadiyyatlarını fabriklər, zavodlar tikərək inkişaf etdirirlər. Əgər bu inkişaf hazırda problemin əsas səbəbi olan karbon qazını artırırsa sıfır emissiya əldə etmək daha çətin olacaq.


Koronavirus üçün vaksin hazır olanda GAVİ kimi təşkilatlar bunun ən kasıb ölkələrə də çatmasını təmin edəcəklər. Amma təmiz enerji üçün belə təşkilatlar yoxdur. Ona görə də ölkələr və təşəbbüskarlar çalışmalıdırlar ki, yaşıl texnologiya və təmiz enerji hamı üçün əlçatan olsun.


3. İndi başla.


Koronavirus vaksininin əldə edilməsi bir il tələb edirsə, iqlim dəyişikliyi üçün belə bir, iki il yoxdur. Təmiz enerji texnologiyalarını hazırlamaq və tətbiq etmək onilllər alacaq.


Bəzi ölkələr və fərdi investorlar sıfır emissiya əldə etmək üçün təşəbbüslər irəli sürür, fond yaradırlar. Amma daha çoxuna ehtiyacımız var.


COVID-19-un fəsadları üçün necə narahatıqsa, iqlim dəyişikliyi üçün eyni dərəcədə narahat olmalıyıq.


Sağlamlıq üzrə mütəxəssislər illərlə dedilər ki, pandemiya qaçılmazdır. Dünya buna kifayət qədər hazırlaşmadı. Və indi biz itirdiyimiz vaxtı bərpa etməyə çalışırıq. Bu, iqlim dəyişikliyi üçün xəbərdarlıqdır, daha yaxşı nəticə üçün bizə yol göstərir. İndi başlasaq, elm və innovasiyanın gücü ilə, eyni zamanda kasıb ölkələri də nəzərə alaraq indi etdiyimiz səhvin iqlim dəyişikliyi ilə baş verməməsini təmin edə bilərik.


Mənbə: https://www.gatesnotes.com/


Müəllif: Humay Hüseynli