3D animasiya filminin istehsalı çoxlarının düşündüyünün əksinə olaraq, çox mürəkkəb prosesdir. Çox uzun vaxt, əmək və təcrübəli komanda tələb edir. Animasiyanın istehsalı zamanı tək bir xarakterin hazırlanması üçün bir çox mütəxəssisin onun üzərində çalışması lazımdır.
3D animasiya filminin istehsalı prosesi 3 əsas mərhələdən ibarətdir. Düzdür, müxtəlif studiyalarda istehsal prosesi özünəməxsus xüsusiyyətləri ilə fərqlənə bilər, lakin daha çox yayılmış bölgü aşağıdakı kimidir:
- İlkin istehsal;
- İstehsal;
- İstehsal sonrası;
- İlkin istehsal ideyanın tapılması ilə başlayır. Sonra bütün ssenari tamamilə formalaşana qədər ideyalar təkmilləşdirilir. Bu mərhələdə bir növ animasiyada nələr olacağının sadə versiyası hazırlanır. Növbəti mərhələ olan skript mərhələsində isə xarakterin hərəkətləri, vaxt, dialoqlar yazılır. Davamında hekayə lövhəsi (storyboard) hazırlanır. Filmi hekayə lövhəsində görmək çox önəmlidir. Xüsusilə sonrakı mərhələlər üzərində çalışanlar üçün hekayə lövhəsində hər şey çox açıq və dəqiq olmalıdır. Hekayə lövhəsini hazırlayan mütəxəssis ən sadə rəsmlərlə çox şeyi ifadə etməlidir. Bütün animasiyanın mərhələlərinin əskiksiz görünməsi təmin olunmalıdır.
Bundan sonrakı mərhələdə hekayə lövhəsinin hərəkətli versiyası yaradılır. Lakin çox sadə formada hazırlanır. Animatika hekayə lövhəsinin sadə şəkildə hərəkətləndirilmiş versiyasıdır.
Növbəti mərhələ dizayn mərhələsidir. Animasiyanın son görüntüsünə bu mərhələdə qərar verilir; bura konsepsiya və xarakter dizaynı, kostyumlar, prop dizayn daxildir. Xarakter və konsepsiya dizaynı - Əsas hekayə və xarakterlər müəyyənləşdirilir. Bu mərhələdə dizayner, xarakterləri, məkanı və nəsnələri istənilən stildə formalaşdırır. Qısaca xarakter və konsepsiya dizaynına filmin görüntülərinin ön vizuallaşdırılması da deyilə bilər. Dizayn zamanı hekayəyə uyğun stil yaratmaq və özünəməxsus olmaq önəmlidir. Qəbul olunan stil animasiyanın hər mərhələsində istifadə olunacağından onun düzgün müəyyənləşdirilməsi çox önəmlidir.
- İstehsal mərhələsi;
3D layout - Sadə şəkildə desək, 2D animatikanın 3D versiyasıdır. 3D layout sadə 3D atributlarından ibarətdir.
3D modellemə - Maya, 3Ds Max proqramları vasitəsilə həyata keçirilir.
3D teksturinq - Hazırlanan 3D modellərə tekstura rəssamları tərəfindən rəng və tekstura əlavə olunur.
3D riqqinq - Bu proses ərzində 3D obyektlərə sümük struktur verilir. Bu da animatorlara geometrik obyektləri mümkün olduğu qədər sürətli və effektiv şəkildə hərəkət etdirmə imkanı tanıyır.
3D animasiya - Animasiya mərhələsində 3D obyektlərinin və xarakterlərinin hərəkətləri yaradılır. Animasiya mərhələsi çox önəmli və ən çox vaxt aparan mərhələdir.
VFX - Saç, geyim, tüstü, maye, ocaq, fırtına və bu kimi effektlər texniki animatorlar tərəfindən bu mərhələdə hazırlanır. Animasiya mərhələsində bu effektlərin ərsəyə gətirilməsi çox çətin və hətta qeyri-mümkündür.
İşıqlandırma - Şəkillərdəki və filmlərdəki işıqlandırma kimidir. Obyektlərin görünməsini təmin edir.
Renderinq - Render olunmuş şəkillərdə obyekt, rəngləndirmə, arxa fon, işiqlandırma və digər qatlar hamısı bir yerə yığılır.
- İstehsal sonrası;
Kompozisiya - öncədən render olunmuş şəkillər arxa-arxaya sıralanaraq video halına gətirilir.
2D VFX - Qığılcım, yağış damlası kimi bəzi vizual effektlər layihənin sonunda 2D formatında animasiyanın keyfiyyətinə zərər gəlmədən daha asanlıqla əlavə olunur.
Ən sonda da rəng korreksiyası həyata keçirilir.
Müəllif: Y.A.

