Xəbər verdiyimiz kimi, Almaniyanın avtomobil brendi BMW 1997-ci ildən bəri ilk dəfə firma nişanını dəyişib.
Müasir loqotiplərdə olduğu kimi avtomobil markasının məqsədi bugünün trendi olan ultra-minimalist üslubu davam etdirmək olub.
Markanın ikonik loqotipinin dəyişdirilməsi, şirkətin tanınan kimliyi və müasirliyinə risk gətirə bilərdi.
Bildirək ki, yenilənmiş loqoda iki böyük dəyişiklik var.
İlk növbədə şirkət köhnə loqosunda 3D effektlərindən imtina edir və 1963-cü ildən bəri istifadə etdiyi daha sadə loqoya bənzəyən bir dizayna geri qayıdır və 1997-ci ildə təqdim edilmiş loqoya yenilik gətirir.
Bildirək ki, yeni dizayn praktiki olaraq köhnədən fərqlənmir. Ağ və mavi rənglərini əhatə edən dairə rəngsiz hala gətirilib. Yeni loqotipindən qara xətti çıxarılıb. İndi markanın nişanı fərqli, avtomobilin rəngindən asılı olaraq dəyişəcək.
Marka yeni loqotipi elan edən zaman, köhnələrin yaranma tarixindən də yan keçməyib. BMW-in saytında loqotiplərin dəyişmə tarixləri göstərilib. Şahmat simvolunun rəngləri isə kompaniyanın əsasının qoyulduğu yer ilə assosiasiya olunur. Bura isə Bavariyadır.
Növbəti dəyişiklik isə hamıya məlum olan qara halqanın loqotipdən çıxarılması olub. Avtomobil brendinin rəsmisi Jens Thiemer deyir ki, belə bir yanaşma markaya daha çox aydınlıq gətirmək üçün nəzərə alınıb.
Qeyd edək ki, BMW son bir neçə ildə loqotipində rebrendinq edən yeganə şirkət deyil. Onların arasında GoDaddy, Yahoo, Google, Facebook, Airbnb, Volkswagen və s. məşhur şirkətlər də var.
Müəllif: Fidan Əzizova

