Vilnius və Lublin şəhərlərini eyni vaxtda əlaqələndirən virtual portal sərt karantin rejimində fərqli nöqtələrdən insanları birləşdirir.


Pandemiya gündəlik həyat tərzimizə xeyli məhdudiyyət əlavə edib. Bu qadağaların əksəriyyəti bir çox ölkədə hələ də qüvvədədir. Çölə çıxmaq və yeni insanlarla tanış olmaq indi əvvəlkindən daha çətindir. Facemark.az bildirir ki, bu vəziyyət həm dizayn, həm də fikir baxımından fantastik filmlərdən bəhrələnmiş bu portalın yaranmasına təkan verib.


Litvanın Vilnüs və Polşanın Lublin şəhərlərini virtual portal vasitəsi ilə birləşdirən “A Bridge to the United Planet” layihəsi fərqli mədəniyyətlərdən olan insanları bir araya gətirərək həmrəylik hissini canlandırmağı hədəfləyir.


Sözsüz ki, qapı iki şəhər arasında fiziki bir keçid təmin etmir. Şəhərlərin mərkəzində yerləşən LED işıqlı minimalist qurğular və üzərindəki kameralar iki şəhər arasında birbaşa əlaqə qurmağa imkan verir. Vilnius Gediminas Texniki Universitetinin Yaradıcılıq və İnnovasiya Mərkəzində mühəndislər tərəfindən hazırlanmış layihənin inşası və təşkili 5 il çəkib. İşin yekunlaşması və qurğuların quraşdırılmasının pandemiya ilə üst-üstə düşməsi layihənin hekayəsinə dəyər qatan nüanslardan biridir.


Aralarında təxminən 600 kilometr məsafədə olmasına baxmayaraq, bu iki şəhər arasında qurulmuş virtual körpü sayəsində pandemiya dövründə insanların neqativ duyğuları və təcrübələrini hiss etmək, digər şəhərdə baş verənləri yaşamaq və görmək mümkündür.


Layihənin veb saytında bundan sonra Vilnüs ilə əlaqə quracaq iki şəhərin müəyyən olduğu bildirilib. İslandiyanın Reykjavik və İngiltərənin London şəhərləri Vilnüsə portal vasitəsi ilə bağlanacaq. Bu layihələrin tarixi hələ dəqiqləşməyib.