Bakı mərkəzli Silk Way West Airlines hava yolu şirkəti əczaçılıq məhsullarının standartlara uyğun şəkildə daşınmasını nəzərdə tutan GDP (Good Distribution Practice) sertifikatına layiq görülüb.
Facemark bildirir ki, zaman və hərarət baxımından həssas yüklərin etibarlı şəkildə daşınması imkanlarının genişləndirilməsi məqsədilə, hava yolu şirkəti əczaçılıq sənayesində böyük təcrübəyə malik etibarlı xarici tərəfdaş olan “Global Cold Chain Consultants” tərəfindən aparılmış əhatəli GDP auditini uğurla tamamlayıb.
“GDP sertifikatı ilə Silk Way West Airlines tibbi təyinatlı yüklərin qlobal daşınmasında aparıcı rol oynamağa hazırdır”, - deyə şirkətin baş icraçı direktoru və prezidenti Volfqanq Mayer bu nailiyyətin əczaçılıq logistikası bazarınadaxil olmaq nöqteyi-nəzərdən əhəmiyyətini vurğulayıb.
Qeyd edək ki, Silk Way West Airlines şirkəti Cənubi Koreyanın İnçxon hava limanı tərəfindən nüfuzlu “2020-ci ilin yükdaşıma aviaşirkəti” adına layiq görülüb.