20 saniyəlik reklam çarxı homofob düşüncə əks etdirməyi səbəbilə cəmiyyət tərəfindən sərt qınaq obyektinə çevrilib.
Facemark xarici mediaya istinadən bildirir ki, reklamda, ispan influenser Aless Gibasa "cazibədar portağal suyu" sifariş verir. Dostu və ofisiantın çaşqınlığından sonra ofisiant müştəriyə Snikers təqdim edir. Snikersi yeyən influenser qalın səsli, saqqallı kişiyə çevrilir.
“Yaxşısan?”, “Yaxşıyam!” sözlərindən sonra məşhur “Ac olanda sən o sən deyilsən!” şüarı səslənir.
Reklam bu həftə internetdə yayılmağa başladıqdan sonra ciddi şəkildə tənqid edilib. Bəzi müştərilər markanı boykot etməyə çağırıb. İspaniyanın Lezbiyanlar, Geylər, Trans və Biseksuallar Dövlət Federasiyası bunu qınayanlar arasında olub. Paylaşdıqları tvitdə "stereotipləri davam etdirən və homofobiyanı təşviq edən şirkətlərin olması utancverici və təəssüfləndiricidir" deyə qeyd edib.
Twitter hesabında İspaniyanın Bərabərlik naziri İrene Montero "Homofobiyanı biznes strategiyası üçün istifadə etmək kimin ağlına gəldi, çox maraqlıdır", deyə o, bildirib, - “cəmiyyətimiz müxtəlifliyi sevir və tolerantdır. Ümid edirik ki, reklamlarda və televiziya proqramlarında gördüklərimizə və eşitdiklərimizə qərar vermək gücünə malik olanlar da bunu öyrənəcək”.
“Snickers” paylaşdığı onlayn açıqlamada bildirib: "Bu xüsusi kampaniyada, aclığın xarakterinizi dəyişdirə biləcəyini səmimi şəkildə çatdırmaq istədik. Heç vaxt heç bir şəxsi və ya kollektivi ləkələmək və ya təhqir etmək məqsədi güdməmişik”.
“Snickers” markasının mətbuat katibi Mars Rinqli qeyd edib: "Snickers İspaniya reklamının vurduğu zərərə görə ürəkdən üzr istəyirik. Səhv etdiyimizi başa düşürük və onlayn məzmunu dərhal sildik. Biz bərabər hüquqlarları ciddiyə alırıq, hər kəsin özünü sərbəst hiss etdiyi dünya istəyir və bunun üçün çalışırıq. Bir işəgötürən və reklam hazırlayan orqan olaraq bu dünyanı yaratmaqda rolumuzun və məsuliyyətimizin olduğuna inanırıq. Fürsətdən istifadə edib bu səhvi aradan qaldıracağıq və gələcəkdə daha yaxşı işlər görəcəyik”.