“Apple korporasiyasının ticarət markası 100 milyard avro dəyərində qiymətləndirilir və dünyada ən bahalı brenddir. “Eurobrand” ekspert agentliyinin tərtib etdiyi reytinq buna sübutdur. Müqayisə üçün, reytinqdə ikinci yerdə qərarlaşmış “Coca-Cola” ticarət markası 60 milyard dollar, “Microsoft” (3-cü yer) 54 milyard dollar, “IBM” (4-cü yer) 53 milyard, “Google” (5-ci yer) 50 milyard dollar dəyərində qiymətləndirilir.

Onluğa, yuxarıda qeyd edilmiş şirkətlərdən savayı, həmçinin “Philip Morris”, “Procter & Gamble”, “McDonald's”, “Johnson & Johnson” “AT&T” də daxildir. “AT&T” istisna olmaqla digər ticarət markalarından heç birinin dəyəri azalmayıb.
Reytinqə ilk dəfə olaraq “Facebook” şirkəti də daxil edilib. Mütəxəssislər sosial şəbəkənin dəyərini 11.5 milyard avro dəyərində qiymətləndiriblər və o, 74-cü yerdə qərarlaşıb.

Amerikanın “Hewlett-Packard” şirkətinin ticarət markasının dəyəri isə azalıb. Onun brendi 28.3 faiz azalaraq 16 milyard avro təşkil edib. Şirkət reytinqdə 24-cü yerdən 44-cü yerə yuvarlanıb.