Proqramlaşdırma dünyasına sürətli şəkildə giriş etmək istəyənlərin ən çox rastlaşdığı problem haradan başlayacağına və hansı proqramlaşdırma dilini seçəcəyinə qərar verə bilməməkdir.


Facemark.az "TIOBE Programming Community Index"in məlumatlarına istinadən 2022-ci ilin avqustunda ən məşhur proqramlaşdırma dillərini təqdim edir!


Zirvədə "Python"dur


Son 15 il ərzində "Python" proqramının populyarlığında davamlı artım var. Bu il "Python" ən məşhur proqramlaşdırma dili olaraq qalır.


Bu gün süni intellekt və robototexnika kimi perspektivli texnologiyaların arxasında duran proqramlaşdırma dili olan "Python" son illərdə istifadəsini əhəmiyyətli dərəcədə artırıb.


"TIOBE Software" analitiklərinin fikrincə, "Python" bu ay populyarlıq payını 2 faiz artıraraq, hazırda 15,42 faizlə bütün zamanların ən yüksək səviyyəsinə çatıb.




İkinci sırada "C" var


Bir il əvvəl ən məşhur proqramlaşdırma dili olan “C” 14,59 faizlə ikinci yerdə qərarlaşıb. "C" ən qədim proqramlaşdırma dillərindən biri; "Microsoft", "Oracle" və "Apple" kimi texnologiya nəhəngləri tərəfindən qəbul edildiyi üçün bu gün də geniş şəkildə istifadə olunur.


Xüsusilə əməliyyat sistemləri və quraşdırılmış sistemlər üçün uyğun olan "C" əslində əsas proqramlaşdırma dillərinin universal dilidir.


İlk 5-liyi müvafiq olaraq "Java", "C++" və "C#" tamamlayır. Digər tərəfdən, "Rust" ilk 20-liyə yaxınlaşdıqca, "Kotli"nin yenidən ilk 30-luğa daxil olması diqqət çəkir. "Google"un yeni dili "Carbon" artıq 192-ci yerdədir.