Mitsubishi Azərbaycanda rəsmi distribüterini seçib. Artıq Mitsubishi avtomobillərinin ölkəmizdə müstəsna idxalçısı və distribüteri Diamond Motors şirkətidir. Bu barədə məlumat Mitsubishi Motors Corporation-un beynəlxalq saytında yayılıb.

Rəsmi distribüterin seçilməsi ilə əlaqədar, Mitsubishi sahiblərini bir sıra yeniliklər gözləyir.

Əvvəllər gətirilən komplektasiyalar Yaxın Şərq ölkələri üçün nəzərdə tutulduğundan və Azərbaycan iqlimi regionun digər ölkələrinin iqlimindən fərqli olduğundan, gətirilən avtomobillərin komplektasiyalarda uyğunsuzluqlar yaranırdı. Diamond Motors ölkəyə uyğun komplektasiyanı ehtiyat hissələri ilə birlikdə seçərək təqdim edəcək.

Bundan əlavə, bütün Mitsubishi avtomobillərinə şirkət 3 il və ya 100 000 km zəmanət verəcək.

Avtomobil sahiblərini razı salacaq əsas xəbər isə rəsmi servislə bağlıdır. Mitsubishi rəsmi servisində görülən işlər 2 illik zəmanətlə təqdim ediləcək. Ustaların daha yüksək servis göstərməsi üçün onlar mütəmadi olaraq Mitsubishi Motors Corporations-un təşkil etdiyi treninqlərə göndəriləcək.