Amazon şirkəti 8,9 düym diaqonallı Kindle Fire HD planşet kompüterin tədarükünə başlayıb. Bu barədə şirkətin rəsmi saytındakı press-relizdə deyilir.
ABŞ-da planşetin 16 giqabaytlıq versiyasının qiyməti 299 dollar, 32 giqabaytlığın 369 dollar təşkil edəcək. Qurğuda reklama baxmaq istəməyən alıcılar bu məbləğlərə daha 15 dollar əlavə etməli olacaqlar. LTE şəbəkəsini dəstəkləyən Kindle Fire HD 8.9 planşeti satışa bir həftə sonra çıxarılacaq və dəyəri bir qədər baha olacaq. Belə ki, 32 giqabaytlıq daxili yaddaşa malik qurğunun qiyməti 499 dollar, 64 giqabaytlığın 599 dollar olacaq.
Kindle Fire HD 8.9 planşetinin təsvir ölçüsü 1920x1200 meqapiksel, displeydəki piksellərin sıxlığı bir düym üçün 254 ədəd təşkil edir. Planşetdə 1,5 giqahers takt tezlikli ikinüvəli OMAP 4470 prosessorundan və 1 giqabaytlıq operativ yaddaşdan istifadə olunur.
Aparatın avtonom rejimdə iş vaxtı 10 saat təşkil etməklə çəkisi 567 qramdır və micro-USB və micro-HDMI çıxışlarına malikdir. Amazon şirkəti xüsusi olaraq qeyd edir ki, planşet ikiqat antena və MIMO texnologiyasının dəstəklənməsi sayəsində sürətli Wi-Fi şəbəkəsinə malikdir.
Kindle Fire HD modifikasiya edilmiş Android 4.0 əməliyyat sisteminin idarəetməsi ilə işləyir.
Qeyd edək ki, Amazon şirkəti Kindle Fire HD planşetlərini 2012-ci ilin sentyabr ayının əvvəlində nümayiş etdirib. 7 düymlü planşet mağazalara sentyabrın ortalarında çıxarılıb. 8,9 düymlü aparatın buraxılması noyabrın 20-nə təyin edilsə də, Amazon qurğunun tədarükünə planlaşdırılmış vaxtdan əvvəl başlayıb.