Xiaomi, 13 seriyasının əlverişli bir üzvü olacaq 13 Lite-ni təqdim edib. Telefon ikili ön kameralar, Snapdragon 7 Gen 1 və daha çox diqqətəlayiq xüsusiyyətlərlə təchiz edilib.
Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, MWC 2023 çərçivəsində flaqman telefonları 13 və 13 Pro-nun qlobal tanıtımını edən Çin texnologiya nəhəngi Xiaomi , seriyaya daxil ediləcək daha bir telefonu da təqdim edib. Bu telefon uzun müddətdir şayiələnən 13 Lite idi.
13 seriyasının daha sərfəli versiyası olaraq xarakterizə edilən Xiaomi 13 Lite istifadəçiləri sevindirəcək bir çox xüsusiyyətə malikdir. Onun ikiqat ön kamerası, prosessoru və daha bir çox xüsusiyyətləri cihazın kifayət qədər iddialı olduğunu göstərir.
Telefon 120 Hz yeniləmə tezliyi ilə 6,55 düymlük AMOLED displeylə gəlir. Parlaqlıq dəyəri 1000 nit-ə qədər olan ekran HDR10 + dəstəyi təklif edir və Corning Gorilla Glass 5 ilə qorunur. IP53 suya davamlılıq reytinqi və ekrana quraşdırılmış barmaq izi sensoru digər diqqətəlayiq xüsusiyyətlərdir.
Telefon Qualcomm-un 4nm prosesində işləyən Snapdragon 7 Gen 1 prosessoru ilə təchiz olunub . Bu çipset 12 Lite ilə müqayisədə 20% daha çox GPU performansı təklif edir. Yaddaş tərəfində yeniləmə görmürük. Şirkət bu tərəfdən LPPDR4X RAM və UFS 2.2 istifadə edib. Əlavə edək ki, telefon 8/128 GB və 8/256 GB seçimləri ilə gələcək.
Kamera tərəfi sərfəli hesab edilən telefon üçün olduqca yaxşıdır. Arxa tərəfdə 50 MP Sony IMX766 sensor, 20 MP ultra geniş və 2 MP makro kamera bizi qarşılayır.
Ön tərəfə baxdığımızda Xiaomi-nin ikili kamera quruluşuna keçdiyini görürük. Xiaomi 13 Lite-də ekranın yuxarı hissəsində 32 MP kamera, həmçinin 8 MP dərinlik sensoru var.
Bunlara əlavə olaraq, Xiaomi 13 Lite 67 Vt sürətli şarj dəstəyi ilə 4500 mAh batareya ilə gələcək . 13 seriyasının yeni üzvü qutudan Android 12 əsaslı MIUI 14 ilə çıxacaq . Wi-Fi 6, Bluetooth 5.2, mavi, çəhrayı və ağ rəng seçimləri digər diqqətçəkən xüsusiyyətlərdir.
Xiaomi 13 Lite qiyməti
Xiaomi, 13 Lite modelinin 8 Mart tarixindən etibarən Avropada satışa başlayacağını açıqlayıb. Telefonun 8/128 GB əsas versiyasının qiyməti 499 avro olaraq açıqlanıb.