Android əməliyyat sisteminin idarəetməsi ilə işləyən 7 düymlük Nexus 7 planşet kompüterinin satış həcmi durmadan artmaqda davam edir. Belə ki, planşetin satışı əvvəllər ayda 500-600 min ədəd təşkil edirdisə, noyabrda bu göstərici 800-900 ədədədək artıb. Ekspertlərin proqnozlarına əsasən, dekabrda Nexus 7-in satış həcmi 1 milyonluq həddi ötə bilər.
Quanta Computer istehsalçısı dördüncü rübdə 3-4 milyon ədədə yaxın Amazon Kindle Fire və 2-3 milyon Nexus 7 planşet modellərini tədarük edəcək. Planşetlərin tədarük həcminin artması noutbukların istehsalının azalmasına səbəb olur, buna görə Quanta Computer-in mədaxili noyabrda 13,29 faiz azalaraq 86,048 milyard yeni Tayvan dolları (2,95 milyard ABŞ dolları) təşkil edib.
Öz növbəsində Foxconn Electronics və Pegatron Technology şirkətləri noyabrda ikisi birlikdə 1,5 milyon ədəd iPad mini tədarük ediblər. Dekabrda Apple şirkətinin istehsalı olan bu planşetin tədarük həcminin 2 milyon ədədədək artacağı gözlənilir. Bununla yanaşı, bayram günləri ərəfəsində 7 düymlük planşetlərin, xüsusilə Nexus 7, Kindle Fire və iPad mini planşet kompüterlərinin satış həcmində artımın müşahidə ediləcəyi güman edilir.