Qii (Qualified Institutional Investor) layihəsinin iştirakçıları “Indiegogo” kollektiv maliyələşdirmə platformasının köməyilə, portativ qurğular üçün eyni adlı elastik klaviaturanın istehsalına vəsait toplamaq niyyətindədirlər.
İstehsalçıların sözlərinə görə, “Qii” adlı klaviatura planşet və smartfon sahiblərinin işinə yarayacaq. Ənənəvi klaviaturanın konsepsiyasının hazırlanmasından artıq bir neçə il ötüb. Hazırda onun istehsalında yeni tip elastik və şəffaf elektron plyonka və sensor daxiletmənin yeni texnologiyasını tətbiq etmək planlaşdırılır.
Yeni klaviatura zərbələrə, axar suya və çirkə davamlıdır. Yüksək elastikliyinə görə, daşıma zamanı klaviaturanı rulon şəklində büküb xüsusi qutuya yerləşdirmək mümkündür. Qurğu istənilən müstəvidə istifadə üçün əlverişlidir.
“Qii” rəqəmli və funksional klavişlərin əlavə blokuna da malikdir. Kommunikator və ya planşetlə məlumat mübadiləsi Bluetooth naqilsiz rabitəsi vasitəsilə həyata keçirilir. Akkumulyator batareyanın yenidən yüklənməsi üçün USB-portdan istifadə olunur.
İstehsalçılar güman edirlər ki, klaviatura Android, iOS, BlackBerry OS və Windows əsasında işləyən qadcetlərə uyğun gələcək. İstehsalın təşkili üçün 1,85 milyon dollar vəsait tələb olunur.
