2023-cü ildə Rusiya ilə Çin arasında ticarət dövriyyəsi rekord səviyyəyə - 240,11 milyard dollara yüksəlib.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, Çinin Rusiya Federasiyası ilə ticarət dövriyyəsi 2023-cü ildə 26,3% artaraq rekord həddə - 240,11 milyard dollara çatıb.


Məlumata görə, bu dövrdə Çindən Rusiyaya ixrac 46,9% artaraq 110,97 milyard dollara yaxın, Rusiya mallarının idxalı isə 12,7% artaraq 129,14 milyard dollar təşkil edib. Son 12 ayda Rusiya Federasiyasının müsbət saldosu 2022-ci illə müqayisədə təxminən yarıya qədər azalaraq 18,17 milyard dollara çatıb.


Dekabrda Rusiyanın baş naziri Mixail Mişustin bildirmişdi ki, Rusiya və Çin qarşılıqlı hesablaşmalarda demək olar ki, tamamilə milli valyutalardan istifadəyə keçiblər. Noyabrda Çin prezidenti Si Tsinpin demişdi ki, Pekin Moskva ilə birlikdə münasibətlərin dərinləşməsi üçün səy göstərməyə hazırdır.


Bundan əvvəl NATO-nun baş katibi Yens Stoltenberq bildirib ki, Rusiya və Çin getdikcə daha sıx əməkdaşlıq edir.