31 may tarixində “Ritz-Carlton”da Müstəqil Qiymətləndirmə Mərkəzinin (MQM) təşkilatçılığı ilə “II Təhsildə Qiymətləndirmə və İnkişaf Forumu” keçiriləcək.


Müxtəlif növ imtahanların, yarışmaların və müsabiqələrin təşkili məqsədilə yaradılmış Müstəqil Qiymətləndirmə Mərkəzi tərəfindən təşkil olunan forumun əsas məqsədi təhsil müəssisələri və hazırlıq kursları ilə daha sıx əməkdaşlığın qurulması, sınaq imtahanlarında mövcud texnoloji imkanların təqdim olunması və nəticələrin obyektiv şəkildə ölçülməsi üzrə yeni yanaşmaların paylaşılmasıdır.


Forum çərçivəsində sınaq imtahanlarında müasir yanaşmalar və texnologiyalar, qiymətləndirmədə obyektivlik və şəffaflıq prinsipləri, təhsil müəssisələri ilə strateji əməkdaşlıq modelləri, nəticələrin təhlili və qərarvermə prosesində istifadəsi, eləcə də potensial tərəfdaşlar üçün sistem təqdimatları və demo sessiyalar təşkil olunacaq.


Forumun əsas müzakirə mövzularından biri “Çətinlik, obyektivlik və etimad: müasir qiymətləndirmədə balans” adlı panel olacaq. Panel çərçivəsində qiymətləndirmə sistemində şəffaflığın qorunması, obyektiv yanaşmanın təmin olunması, eləcə də müasir dövrdə etimadın formalaşdırılması və saxlanılması kimi mühüm məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.


“II Təhsildə Qiymətləndirmə və İnkişaf Forumu” çərçivəsində qonaqlar və ekspertlər təqdim olunan mövzular ətrafında iştirakçıların suallarını cavablandıracaq, öz təcrübələrini bölüşəcək və təhsil sahəsində yeni yanaşmalar barədə fikirlərini paylaşacaqlar.


Forum təhsil sahəsində fəaliyyət göstərən qurumlar arasında əməkdaşlığın gücləndirilməsi, qiymətləndirmə proseslərinin inkişaf etdirilməsi və innovativ həllərin təşviq olunması baxımından mühüm platforma rolunu oynayacaq.