Bu dəfəki yazımda turizm haqqında deyil, 180 dərəcə dönüş edərək marketinq haqqında, daha dəqiq desəm yerli reklamlarımızdan bəziləri və mənim müşahidə etdiyim nöqsanlar (bəlkə də mənə görə nöqsan olan nöqsanlar) barədə söhbət açacam.Onu da mütləq qeyd edim ki, nəzəriyyənin və ya praktikanın bu nöqsanlar barəsində nə dediyindən xəbərim yoxdur(çünki bu sahə üzrə az sayılabiləcək sayda kitablar, məqalələr oxumuşam və iş təcrübəm də yoxdur), bu yazım sırf müştəri-müşahidəçi gözü ilə yazılmış bir yazı olacaq.
Yazının, fikirlərimin daha rahat qavranılması üçün 3 nöqsan kateqoriyası üzrə reklamlarımızdan bəzilərini təhlil edəcəm:
1.Yalnış simalardan istifadə edən reklamlar:
Hər gün onlarla reklam görürük və bu reklamlar artıq həyatımızın bir parçasına çevrilib. Artıq sadəcə marketoloqlar,reklam agentlikləri reklamlarının izlənməsini istəmir,indi bizlər-müştərilər də reklamları izləməyə və seçimimizi reklamlara əsasən etməyə həvəsliyik. Çünki artıq bilinç altımızda reklam bizlər tərəfindən bir aldatma vasitəsi kimi yox,şirkətin fəaliyyətinin peşəkarlıq güzgüsü kimi qəbul edilir. Nə qədər uğurlu-peşəkar reklamdırsa, şirkət də o qədər uğurludur, peşəkardır fikri formalaşıb və məncə düzgün olan da budur.
Amma bəzi reklamlar var ki ,yalnış seçdiyi reklam simaları ilə reklamdan bizlərin zövq almasını əngəlləyir. Mən bu kateqoriyaya, vaxtı ötmüş Coşqun və Rafaeldən istifadə edən reklamları, Nigardan ifrat dərəcədə (bir ayda 3 ayrı reklamda iştirak---Worldcard, Megafun, Azure.Əslində Nigar çox uyğun simadır fikrimcə həm aktyorluq qabiliyyətinə görə,həm də simpatiya qazana bilməsinə görə. Worldcardda –ki reklam uğurlu idi, megafun da pis deyildi, amma Azure reklamında da çox qısa fasilələrlə istifadə edilməsi artıq oldu ) istifadə edən reklamları, Zaurun verilişlərində reklam yerləşdirən şirkətləri və onlarla başqasını aid edə bilərəm.
Çıxış yolu kimi, sadəcə biraz daha zəhmət çəkmək və fərqli simalar kəşf etməyi və ya sıfırdan sima yaratmağı məsləhət görə bilərəm.
2.Uyğun olmayan sloqan işlədən reklamlar:
Bu kateqoriyada mənim fikrimcə, liderlik Finalqon-a məxsusdur. Adamlar yaradıcılığın zirvəsini fəth etməyi bacarıblar məncə. Çox başınızı ağrıtmıram sizi kürək, oynaq və əzələ ağrılarına qarşı məlhəm olan Finalqon-un sloqanı ilə başbaşa buraxıram: ”Finalqon ilə qut olacaqsınız”.
Daha bir reklam sloqanı isə Biscolata-ya aiddir. Elə beynəlxalq markalar var ki,onların sloqanlarını dilimizə dəyişəndə çox gözəl səslənmə və şüuraltı effekt verir.Belə nümunələr çoxdur,məsələn:”Getdiyin yolları dəyiş”,”Dayanma,snikerslə”sloqanları var ki,dilimizə çevirmədə çox uğurlu alındığını fikirləşirəm.Amma Biscolata kimi bir brendin ”Bir dişlək daha” sloqanını bu nümunələr kateqoriyasına artıra bilməyəcəm təəssüf ki. Əslində bu sloqanda nəyin artıq,nəyin isə əskik olduğunu tam olaraq bilmirəm, amma nələrinsə tərs olduğu qənaətindəyəm,ən azından səslənişdə problem yaratdığı dəqiqdir. Məsələn,sən bir dostun, Nissan alanda onunla “Getdiyin Yolları Dəyişirsən?:)” zarafatını edə bilərsən, bir dostun snikers yeyəndə” dayanma ee, snikerslə” zarafatını edə bilərsən,amma məncə dostun Biscolata yeyəndə “Bir dişlək daha” deyə bir zarafat edə bilməyəcəksən. Çünki sloganın deyilişi-tələffüzü rahat deyil və həm də mənasız bir zarafat alınacaq:) Bu kateqoriya elə-belə deyil çünki yuxarıda dostlarla olan nümunələr viral reklamın nümunələridir və sloqanlar viral reklamda böyük rol oynayırlar, bəzi şirkətlər var ki, sırf sloqan-sloqanın insanlar arasında paylaşılması,gündəlik istifadə edilən ifadə-söz birləşməsinə çevrilməsi hesabına viral reklamdan milyonlarla ölçülə biləcək xeyir götürüblər. Deməli, Biscolata viral reklamın bu qolundan(sloqanın məşhur olması, söhbətlərdə, paylaşımlarda, sosial şəbəkələrdə istifadəsi zamanı yaranan reklam) məhrumdur.
Çıxış yolu kimi beynəlxalq brendlərin dilimizə uyğunlaşdırarkən daha da ehtiyyatlı davranmağı və azca yaradıcı olmağı məsləhət görürəm.
3.Altyapısı(ifadə türkcədir,bu ifadənin Azərbaycan dilində tam qarşılığını bilmirəm kim bilirsə,zəhmət olmasa şərhlərdə qeyd edər,öyrənərik,amma bu kateqoriyaada mənası təxmini “əvvəlcədən propaqandası, təbliğatı hazırlanmayan”-deməkdir) olmayan spesifik məhsul reklamları
Bəzi məhsullar vardır ki,onların adından və ya spesifik olduğu üçün nəyə yararlı olduğundan çox adamın xəbəri olmur, çünki,öncədən lazımi təbliğat aparılmadan məhsul bazara daxil edilmişdir.Mən bu kateqoriyaya türklər demiş “cuk uyan” məhsul kimi Berqa çayını göstərə bilərəm. Adamlar birdən-birə daha öncə eşidib duymadığımız spesifik tip bir məhsul peyda etdilər, çox böyük büdcələrlə reklam edirlər(ən azından bunu hər addımda qarşımıza çıxan “Berqa-Berqamut ətirli çay” TV roliklərindən, reklam panolarından, radio reklamlarından və s .dən görə bilərik), amma dəhşətlisi budur ki, heç kim berqamutun-berqanın nəyə yararlı olduğunu bilmir,ondan nə fayda alacağını bilmir. Marketoloqlar da təsdiqləyər ki, istehlakçının alış qərarlarına təsir edən ən böyük faktorlardan biri məhsulu alarkən bu məhsulun ona nə fayda gətirəcəyini bilməsi və verdiyi məbləğ qarşısında bu faydanın yetərli olub olmamasıdır. Amma mən niyə gedib mənə nə faydası olacağını bilmədiyim bir məhsula pul verməliyəm ki? Odur ki, Berqa çayının burda ciddi səhvə yol verdiyini fikirləşirəm,ən azından məhsul bazara çıxarılmadan əvvəl 2-3 ay berqamutun faydaları (stressə, depressiyaya, yuxu pozulmalarına qarşı olan təsiri, mikrob öldürücü xüsusiyyətləri, böyrəyin fəaliyyətini nizamlaması və s.) haqqında müxtəlif TV/sağlamlıq verlişlərində ,müxtəlif müsahibələrdə,stendlərdə və s. yerlərdə propaqanda aparılmalı idi. Və düşünürəm ki,hal hazırda günü sabahdan əgər Berqa çayının reklamına xərclənən vəsaitlər, Berqamutun faydalarını şüurlara yerləşdirməyə yönəldilməsə Berqa çayı özünə bazarda yer tutmadan yox olma təhlükəsi ilə qarşı-qarşıya qala bilər. Azərsun Azərbaycanda işini peşəkar şəkildə edənlərdən biridir,ümid edirəm ki, belə səhvləri tezliklə aradan qaldırar.
P.S-bir də mənim əəən çox sevdiyim özəl bir kateqoriya var ki, bu da şadlıq saraylarının sıra ilə düzülən reklamlarıdır. Görəsən nə vaxt, ağ atlı bir şadlıq sarayı gələcək və bizi bu darıxdırıcı,bir birinin təkrarı olan bu reklamlardan xilas edərək kreativ, fərqli bir şadlıq sarayı reklamı çəkəcək?:D