Microsoft, Nokia, Oracle, Expedia və bir sıra İT-korporasiyaların daxil olduqları FairSearch şirkətlər qrupu Avropa Komissiyasına Google tərəfindən Android əməliyyat sistemi sayəsində mobil servislər və reklamlar bazarında aparılan haqsız rəqabətin və inhisarçılığın qarşısını almaq xahişi ilə müraciət ediblər.

FairSearch nümayəndələri bildirirlər ki, Google əməliyyat sistemini istehsalçılara pulsuz verməklə Google-un onlayn-servislərində iş üçün nəzərdə tutulan əlavələri mobil qurğunun ekranının daha çox nəzərəçarpacaq yerində yerləşdirilməsini tələb edir. Rəqiblərin fikrincə, belə praktika digər xidmət tədarükçülərini çıxılmaz vəziyyətə qoyur.

Android-in pulsuz olması ilk növbədə Google-un rəqibləri tərəfindən öz əməliyyat sistemlərinin işlənməsinə qoyduqları investisiyaların geri qaytarılmasını sual altına alır, - FairSearch-in bəyanatında qeyd edilib.



Google-dan qaynaqlanan rəqabət təhlükəsini FairSearch nümayəndələri Android-in üstün mövqe tutması ilə izah edirlər. Belə ki, Strategy Analytics şirkətinin statistik məlumatlarına əsasən, 2012-ci ilin dördüncü rübündə dünya bazarlarına çıxarılan smartfonların 70 faizi Android əməliyyat sisteminin idarəetməsi ilə işləyib.