Dünyada 2,1 milyard internet istifadəçisi var və onların 43,9%-i Asiya regionundadır. “APA-ECONOMICS”in məlumatına əsasən, bu barədə “Royla Pingdom” analitik şirkətinin “İnternet 2011 rəqəmlərdə” (İnternet 2011 in numbers) icmalında deyilir.


İnternet istifadəçilərin 22,7%-i Avropada, 12,9%-i Şimali Amerikada, 10,4%-i Latin Amerikasında, 5,7%-i Afrikada, 3,3%-i Orta Asiyada, 1,1%-i Avstraliya və Okeaniyadadır. Yalnız Çində 485 mln. internet istifadəçisi qeydiyyata alınıb ki, bu da ümumdünya göstəricisinin 23,1%-ni təşkil edir.

İcmala əsasən, hazırda dünyada 555 mln. internet saytı var və onların 300 mln.-u 2011-cu ildə qeydiyyata alınıb. Eyni zamanda dünyada elektron ünvanların (e-mail) sayı 3,146 mlrd.-a bərabərdir.

İcmalda deyilir ki, hazırda dünyada “Facebook” sosial şəbəkəsinin 800 mln.-dan artıq istifadəçisi var ki, bunların da 200 mln. nəfəri 2011-ci ildə qeydiyyata alınıb. Populyarlıq üzrə ikinci yerdə “Twitter” şəbəkəsi gəlir. “Twitter”-də 225 mln. akkaunt qeydiyyata alınıb.