Apple şirkətinin 2013-cü ilin birinci rübü ərzində xalis mənfəəti 9,55 milyard dollar təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən aşağıdır. Bu barədə şirkətin aprelin 23-də açıqlanan rüblük hesabatında məlumat verilir.
Rüblük mənfəətin azalması 10 ildə ilk dəfə olaraq qeydə alınıb. 2012-ci ildə şirkətin birinci rübdə xalis mənfəəti 11,6 milyard dollar olub.
Bununla belə, birinci rübdə şirkətin ümumi gəliri ötən ilin analoji dövrü ilə müqayisədə 11 faiz artaraq 43,6 milyard dollar təşkil edib. Bu məlumatlar hesabat dərc edilməmişdən əvvəl Apple-ın rüblük gəlirlərinin 42,5 milyard dollarlıq səviyyədə olacağını güman edən analitiklərin proqnozlarını üstələyib.
Hesabatda qeyd edildiyinə görə, 2013-cü ilin birinci rübündə Apple 37,4 milyon iPhone smartfonu və 19,5 milyon iPad planşet kompüteri satıb. Bu rəqəmlər də analitiklərin gözləntilərindən yüksək olub.
Apple nümayəndələri rüblük dividentlərin məbləğinin 15 faiz – bir səhm üçün 2,65 dollardan 3,05 dollaradək artırılması barədə qərar qəbul edilməsini də bildiriblər. Səhmdarlara mayın ortalarında ödənişin ediləcəyi gözlənilir.
Apple-ın rüblük hesabatı şirkətin bir neçə ay ərzində davam edən səhmlərinin dəyərinin azalması fonunda dərc edilib. 2012-ci ilin sentyabrından qiymətli kağızın dəyəri təxminən 300 dollar azalaraq dəyərini 30 faizdən çox itirib. Aprelin 23-də birjada hərraclar başa çatanda (bu hesabat dərc edilməmişdən əvvəl olub) şirkətin səhminin qiyməti 406,13 dollar təşkil edib.