“StatCounter GlobalStats” resursunun təqdim etdiyi statistik məlumatlara əsasən, Azərbaycanda Android platformasında qurulmuş mobil qurğuların bazar payı 37,57% təşkil edir və birinci yerdədir.
“Series 40” platforması əsasında qurulmuş qurğular istifadəçi marağına görə 22,97% bazar payı ilə ikinci pillədədir. “Symbian” ilə işləyən telefonlara olan tələbatın azalmasına baxmayaraq, bu əməliyyat sistemi reytinqdə 14,03%-lə üçüncü yeri tutur. “Apple” şirkətinin “iOS” əməliyyat sistemi üzərində işləyən qurğuları bu ilin əvvəllərindən daha böyük istehlakçı tələbatına səbəb olub və nəticədə 13% bazar payı ilə dördüncü yerdə qərarlaşıb.
Beləliklə, bu əməliyyat sistemləri “BlackBerry” və “Windows Phone” kimi qurğuları məşhurluqlarına görə kölgədə qoyublar. Lakin “Windows Phone” sabit artım templəri nümayiş etdirib.
Stolüstü əməliyyat sistemləri bazarının təhlili isə “Microsoft Windows 7”nin bazar payının 65,77%-dək artımını, “Windows XP”nin payının isə 26,26%-dək azalmasını göstərir. Üçüncü yeri 3,28% bazar payı ilə “Windows 8” tutur. Digər əməliyyat sistemlərinin hər birinin bazar payı 2%-i ötmür.
Stolüstü əməliyyat sistemlərində istifadə edilən brauzerlər bazarına gəldikdə isə, demək olar ki, burada “Opera” istifadəçilərinin sayının ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,4% azalması nəticəsində, “Chrome” brauzerinin bazar payı əhəmiyyətli dərəcədə artaraq 57,74%-ə çatıb. “Microsoft” və “Firefox”dan sonra “Internet Explorer” mövqelərini itirməkdədir. “Safari” brauzerinə üstünlük verən istifadəçilərin sayında isə 1,28%-dən 2,32%-dək artım müşahidə olunur.
