Google korporasiyasına məxsus Motorola Mobility şirkəti şifrələri insan bədəninə yerləşdirilən autentifikasiya vasitələri ilə əvəzləməyi təklif edib.
İki belə autentifikator D11 informasiya texnologiyaları konfransında Motorola-nın tədqiqat layihələri bölməsinin rəhbəri Regina Duqan tərəfindən təqdim edilib.
Bu vasitələrdən birincisi əl üzərinə çəkilən “elektron tatuirovka”dır. O, dayaq və elastik elektron sxemdən ibarətdir ki, onun da komponentləri sırasına ötürücü və antena daxildir.
İkinci vasitə tərkibində çipin yer aldığı kiçik həbdir. Həb udulduqdan sonra mədə turşusu çipi hərəkətə gətirir.
Həm həb, həm də tatuirovka mobil qurğu tərəfindən qəbul edilən və istifadəçinin şəxsiyyətini təsdiq etmək üçün vasitə kimi istifadə olunan siqnal verə bilir.
R.Duqan qeyd edib ki, həblər və "elektron tatuirovka”ların yaxın gələcəkdə tətbiqi inandırıcı görünmür, lakin bununla belə o, Motorola-nın bu cür autentifikasiya vasitələrini perspektivli hesab etdiyini əlavə edib.
Qeyd edək ki, qurğunun hər ikisi Motorola-da hazırlanmayıb. “Tatuirovka”nı MC10 Massaçusets şirkəti, həbi isə Proteus Digital Health şirkəti icad edib. Qurğular hazırlanan zaman onlardan ilk növbədə tibdə istifadə olunacağı nəzərdə tutulub.
Şifrələrə alternativ vasitənin icad edilməsinin zəruriliyi barədə digər şirkətlərin nümayəndələri də çıxış ediblər. Belə ki, PayPal ödəniş sisteminin top-meneceri Maykl Barret biometrik identifikatorlara – məsələn, barmaq izləri və ya göz qişasına üstünlük verməyi təklif edib.

