Cisco Systems şirkəti mobil trafikin inkişafı üzrə yeni proqnoz dərc edib. Proqnoza əsasən, 2016-cı ilədək bütün dünyada 8 milyarddan çox portativ elektron qurğu işləyəcək. Bundan başqa, göstərilən tarixədək dünya üzrə GPS naviqator, elektron tibbi və ya sənaye cihazlarından ibarət 2 milyarda yaxın M2M (Machine-to-Machine - maşınlara bir-biri ilə informasiya mübadiləsi etməyə imkan verən texnologiyanın ümumi adı) birləşmə fəaliyyət göstərəcək.
Sadalanan mobil qurğuların hamısı 2016-cı ilədək ayda 10,8 eksabayta və ya ildə 130 eksabayt məlumat tutumuna çatacaq mobil trafikin həcmini 18 dəfə artıracaq ki, bu da 33 milyard DVD diskə bərabərdir. Müqayisə üçün qeyd edək ki, bu il mobil trafikin həcmi ayda 1,3 eksabayta yaxındır. Cisco nümayəndələri bildirirlər ki, ötürülən məlumatların həcminin artması təkcə çoxalmaqda olan qurğuların sayını deyil, həm də şəbəkələrə qoşulan cihazların sürət artımını sövq edəcək. Cari ilin sonunadək orta statistik smartfon istifadəçisi şəbəkəyə 1,8 Mbit/saniyə sürətilə qoşulmaq imkanına malik olduğu halda 2016-cı ilə bu 5,2 Mbit/saniyə təşkil edəcək, eləcə də sürətin ortaillik artım tempi 31 faiz olacaq, Cybersecurity yazır.