“Prosper Cartoon Studio” daxili bazarda “Hewlett-Packard” printerlərinin reklam kampaniyası üçün şirkətin Azərbaycan nümayəndəliyi ilə əməkdaşlığa başlayıb. “Hewlett-Packard” ilə birgə işin nəticəsində bir dəqiqəlik animasiya çarxı hazırlanıb. Çarxın qəhrəmanları kağız şəhərciyində yaşayan kağızdan olan qız və kağızdan olan itdir.
Bazar üçün orijinal reklam formatının seçildiyini qeyd edən “Prosper Cartoon Studio”nun direktoru Aydan Qarayeva sözügedən animasiyanın Azərbaycanın marketinq kommunikasiya bazarı üçün yenilik hesab olunduğunu xüsusi vurğuladı. Onun sözlərinə görə, sifarişçinin “Prosper Cartoon Studio”nun animatorlarının qarşısında qoyduğu əsas tələblərdən biri 3D-modelləşdirmə ilə 2D animasiyalı kadrın hazırlanması olub.
“Bizim qarşımıza qoyduğumuz məqsəd, HP markalı printerlərin üstünlüklərini nümayiş etdirən animasiya çarxı hazırlamaq idi”, deyən layihənin meneceri Üzeyir Abdullayevin sözlərinə görə, reklam cizgi filmi üslubunda olmalı və özündə hər hansı bir əhvalatı əks etdirməli idi. “Ona görə də biz kağız şəhərciyi yaratdıq. Burada kağız qız özünə it alır və it dünyaya gələndən sonra canlanır” - deyə o, əlavə edib.
“Prosper Cartoon Studio”nun meneceri Vüqar Səfərov hesab edir ki, onun şirkəti üçün animasiya ilk növbədə yaradıcılıqdır, həmçinin müştərilərin sifarişlərinin yerinə yetirilməsi imkanıdır. V.Səfərov deyib: “Çarxı hazırlayarkən biz hədəf kütləsinə hansı informasiyanı çatdıracağımızı dəqiq bilirdik. Eyni zamanda müştəri, onun yaradıclıq tərəfləri, çarxın necə görünəcəyi, hansı hisslər doğuracağı və hansı hadisəni danışacağı bizim üçün çox maraqlı idi”.
