Xəbər verildiyi kimi, İyunun 14-də “World Bussiness Center”də “Yello Advertising”in təşəbbüsü və təşkilatçılığı, Facemark, Target Magazine və Auranın dəstəyi ilə Azərbaycanda ilk dəfə Kreativ Kommunikasiya və reklam yazarlığı tədbiri baş tutdu.



Tədbiri Yello Advertising adından giriş sözü ilə Nərgiz Məmmədova açdı. O, şirkətin həmtəsisçiləri Azər Nəcəfov və Namiq Bayramovu təqdim etdikdən sonra şirkət haqqında qısa informasiya verdi.





Daha sonra tədbirin əsas simaları, Türkiyənin tanınmış kopirayteri və reklam məsləhətçisi Haluk Mesci və Azərbaycanın ilk kopirayteri və kreativ direktoru Teymur Məmmədov qonaqlara təqdim olundu.





Və beləliklə, 3 hissədən ibarət olan tədbirə start verildi. Birinci hissədə spiker kimi çıxış edən Haluk Mesci “Reklamın Şifrəsini Qırmaq” adlı təqdimatı ilə insanların diqqət mərkəzində idi. Çox maraqla qarşılanan bu təqdimat tədbir iştirakçılarına həm nəzəri, həm də praktiki baxımdan bir çox yeniliklərlə qarşılaşmaq imkanı verdi. Nahar fasiləsi zamanı “Mado”nun dondurma paylaması iştirakçılar üçün əsl sürpriz oldu.





Nahar fasiləsindən sonra tədbirin ikinci hissəsinə start verildi. Namiq Bayramovun moderatorluğu ilə baş tutan bu hissə mahiyyətcə daha çox sual-cavab bölməsi idi. Haluk Mesci, Teymur Məmmədov və daha bir Türkiyəli qonaq, moda reklamçılığının təcrübəli siması Pınar Okay həm moderatorun, həm də, tədbir iştirakçılarının suallarını cavablandırdılar. Ümumi olaraq Türkiyə və Azərbaycan təcrübəsi müzakirə olundu.






Bu bölmənin gedişatında kopirayter sözünün dilimizə doğru çevrilməsi məsələsi də müzakirə olundu. Namiq Bayramov "Yello Advertising"də bu problemin çoxdan həllini tapdığını və KOPİRAYTER=REKLAMYAZAN formulunun tətbiq olunduğunu bildirdi. Bu bölmədə Teymur Məmmədovun gənc reklamçılara verdiyi faydalı məsləhətlər də diqqətçəkən məqamlardan idi.





Qısa çay fasiləsindən sonra tədbirin 3-cü hissəsinə start verildi. İştirakçılar püşkatma yolu ilə 6 qrupa bölündü. Bu qruplar verilmiş 2 brif əsasında, 1 saat müddətində yaradıcı iş ortaya çıxarmalı idilər. Nəticələr olduqca yüksək idi. Haluk Mesci, Teymur Məmmədov və Namiq Bayramovdan ibarət münsiflər heyəti seçim etməkdə çətinlik çəkirdilər. Məhz bu məqam Azərbaycanda kopiraytinqin böyük potensiala malik olduğunu təsdiqləmək üçün yetərli idi. Ən sonda tədbir iştirakçıları sertifikatla təltif olundu və kollektiv xatirə şəkli çəkildi.