“IBM” şirkətinin mütəxəssisləri kvant mexanikası əsasında hesablama sistemlərinin yaradılmasına dair irəliyə radikal addım haqqında məlumat veriblər. cnews.ru saytının məlumatına görə, atom və molekulların hərəkətinin hesablama imkanlarından istifadə etməklə kompyuterlərin sürət və təhlükəsizliyinin artmasına nail olmaq mümkün olacaq.

IBM tədqiqatçıları öz işlərinin nəticələrini Bostonda Amerikanın fizika cəmiyyətinin iclasında təqdim ediblər. Onların fikrincə, müasir superkompyuterləri üstələyə biləcək kvant kompyuterlərinin yaradılması artıq mümkündür.   

Hesablama üçün kvant kompyuterlərində eyni zamanda milyonlarla hesablamanı yerinə yetirə biləcək kvant bitlərdən və ya kubitlərdən istifadə olunur. Məsələn, bir 250-kubit kainatda mövcud olan bütün atomlardan daha çox bit informasiyanı özündə saxlamaq imkanına malikdir. “Bizim kvant kompyuterləri üzərində işimiz sadəcə laboratoriya sınaqları deyil. Artıq kompyuter texnikasında sıçrayış edəcək kvant hesablama sistemlərinin yaradılmasının vaxtı çatıb” - IBM-in alimi Matias Şteffen belə deyib.