Hotel və kurort idarəçiliyi sahəsində ixtisaslaşan “Absheron Hotel Group”a daxil olan “Intourist Hotel Baku” mehmanxanası Azərbaycanda təhsil alan tələbələr üçün təcrübə proqramı təşkil edir. Təqdim olunacaq təcrübə proqramının əsas məqsədi “Intourist Hotel Baku” mehmanxanasında təcrübə keçməklə cavan və həvəsli kadrların qonaqpərvərlik və turizm sektoru haqqında daha aydın anlayışa malik olmasını təmin etməkdir.
Təcrübə proqramı təhsilini davam etdirən və ya yenicə bitirmiş tələbələrə mehmanxananın hər bir şöbəsində təcrübə keçməklə qonaqpərvərlik və turizm sahələrində karyera qurmağın yollarını öyrədəcək. Təcrübə proqramını uğurla başa vuran tələbələr nəinki “Intourist” hoteldə , həmçinin, “Absheron Hotel Group”un digər mehmanxanalarında da vakant yer olduğu halda işlə təmin oluna bilərlər. “Biz çox şadıq ki, tələbələr üçün bu cür təcrübə proqramı təşkil edə bilmişik. Təcrübə proqramımız uzunmüddətli olacaq və biz mütəmadi şəkildə müəyyən tədris müəssisələri ilə danışıqlar aparıb tələbələri sözügedən proqrama cəlb edəcəyik. Qeyd etmək istərdim ki, namizədlər mehmanxananın hər sahəsində təcrübə keçmək üçün müraciət edə bilərlər. Namizədlərinsayı isə proses müddətində müəyyən ediləcək”, - deyə “Intourist Hotel”in baş direktoru vəzifəsinə Marko Rabbia bildirib.
Təcrübə proqramının minimal müddəti 4 həftədir. Nəzərə alsaq ki, 1 ay təcrübə üçün olduqca az bir müddətdir, 3-5 ay müddətdə təcrübə keçmək daha məqsədəuyğundur. Lakin bu, həm də tədris müəssisəsinin qoyduğu müddətdən də asılıdır. Təcrübə proqramını başa vurmuş tələbələrə təcrübəni təsdiq edən rəsmi məktub veriləcək. Qeyd edək ki, kadrların hazırlanmasını daim diqqət mərkəzində saxlayan “Absheron Hotel Group” Azərbaycan Təhsil Nazirliyi ilə birgə 5 saylı Bakı Peşə Liseyində qonaqpərvərlik sahəsində praktiki bacarıqların inkişaf etdirilməsinə yönəlik qeyri-akademik təlim proqramı təsis edib. “Intourist Hotel Baku”nun təcrübə proqramı “Absheron Hotel Group”un hotel sektorunda gənc kadrların hazırlanmasının davamıdır.
“Absheron Hotel Group” haqqında:
“ABSHERON Hotel Group” Azərbaycanda yeni hotel idarəçiliyi və inkişafı şirkəti olmaqla, beynəlxalq səviyyəli hotel və kurort şəbəkələri yaratmaqla, milli və regional bazarda aparıcı mövqe tutmaq niyyətindədir. Son illərdə ölkənin sosial-iqtisadi inkişafında əksini tapan turizm infrastrukturunun əhəmiyyətli inkişafı “Absheron Hotel Group”un təsis olunmasını şərtləndirib və buna təkan verib.Şirkətin fəaliyyət dairəsi Bakı və onun hüdudlarından kənarda müxtəlif orta və lüks səviyyəli hotel və digər mehmanxana strukturlarını əhatə edir. “Absheron Hotel Group”un əsas fəaliyyət sahələri qonaqpərvərlik sənayesi, aktivlərin idarə edilməsi və biznesin inkişafı istiqamətləridir. Daha ətraflı məlumat üçün: www.absheronhotelgroup.com