Yaponiyanın rabitə operatoru NTT DoCoMo və Fujitsu şirkəti ikitərəfli şəffaf OLED ekranlı smartfonun prototipini nümayiş etdirib. Qurğunun orijinal interfeysi toxunuşa hər iki tərəfdən dərhal cavab verməklə telefonun funksional imkanlarını genişləndirir.
Bir müddət əvvəl NTT DoCoMo nümayəndələri displeyin işini nümayiş etdirmişdilər və indi Fujitsu onun əsasında işləyən telefonu göstərir.
Aparat tərtibatçıları qeyd edirlər ki, təqdim edilən yeni qurğu bir neçə əsas parametrlərinə görə hələ ki müasir tələblərə cavab vermir. Belə ki, displeyin diaqonalı 6 sm, təsvir ölçüsü 320x240 piksel təşkil edir. Lakin gələcək versiyalarda yaponlar qurğunun xüsusiyyətlərini təkmilləşdirməyi planlaşdırırlar.
Bununla belə, nümayiş olunan prototip eyni vaxtda bir neçə vəzifəni həll etməyə imkan verir. Məsələn, təsvir edilən Rubikin kvadratını yığmaqla displeyin bir tərəfindən virtual obyekti tutmaq, digər tərəfindən onun dərəcələrini fırlatmaq mümkündür.