Avstraliyada böyük qəzadan sağ çıxa bilən insan modeli yaradılıb və təqdim olunub. Alınmış heykəl Qrehem (Graham) adlandırılıb.
Heykəl üzərində üç nəfər - heykəltəraş Patrisia Piçinini, cərrah-travmotoloq Kristian Kenfild və avtomobil qəzaları tədqiqatı sahəsində mütəxəssis Devid Loqan işləmişdir.
Birlikdə, onlar öz biliklərindən istifadə edərək müasir qəzada sağ qala bilən insan fiziologiyasını yaradıblar. Alınmış model adi insan bədənində çox fərqlidir.
Məsələn, Qrehemin boynu yoxdur, bu isə ona toqquşma zamanı onurğansının sınma ehtimalını aşağı salır. Həmçinin onun döş qəfəsi və kəllə sümüyü möhkəmlədirilib və böyüdülüb ki, bu da həyat əhəmiyyətli orqanların müdafiəsini təmin edir. Qabırğaların arasına təhlükəsizlik yastığı rolunu oynayan kisələr yerləşdirilib. Heykəlin ayaqları kenquru ayaqlarına oxşayır, bu isə Qrehemə piyada olarkən qəza zamanı tez tullanmağa kömək edəcək.
İlkin model rəqəmsal formatda yaradılmışdır. İndi heykəl natural ölçüdə hazırlanaraq, Viktoriyanın Melbrun Dövlət Kitabxanasında yerləşdirilmişdir. Avqust ayında onu digər şəhərlərdə göstərmək üçün nəql edəcəklər.
Layihənin məqsədi - insan orqanizminin avtomobil qəzalarına qarşı necə zəif olduğunu nümayiş etdirmək və yolda təhlükəsizlik qaydalarına riayət etməyin necə vacib olduğunu vurğulamaqdır. Layihə yol qəzasında zərər çəkmiş vətəndaşların dəstəyi ilə məşğul olan Avstraliya sığorta Dövlət Agentliyinin (Transport Accident Commission (TAС)) sponsorluğu ilə reallaşıb.
“Avtomobillər insanlardan daha sürətlə inkişaf etmişdir. Qrehem bizə özümüzü səhvlərdən qorumaq üçün, yollarda hərəkət aspektlərimizi yaxşılaşdırmağın niyə önəmli olduğunu xatırladır.” – TAС-ın rəhbəri Co Kalafora bildirib.