Uzun müddətdir blogda yalnız qısa ideyaları qeyd edirdim. Fasilədən sonra bu dəfə əsasən yeni yaradılmış və adları maraqlı gələn bir neçə şirkət (həmçinin tam şirkət olmayan və yalnız sosial şəbəkə üzərindən kiçik ticarət aparan səhifələr) haqda yazmaq istəyirəm.
1. ZiyanMarket.
Slogan: Ziyana işləyirik
Səhifələrində hələ elə də güclü fəaliyyətə başlamasa da, diqqətimi cəlb etdi.
Sloganlarını da bütün postlarında aşağıdakı formada istifadə edirlər.


2. Ayı Sürücü.
Slogan: Adam kimi sürürük

Artıq xeyli vaxtdır fəaliyyət göstərən və yəqin çoxunuzun qarşısına çıxmış "Ayı sürücü" adlı ayıq sürücü xidmətinin də adı digər bənzər xidmətlərdən daha fərqli və maraqlıdır.




Və onların xoşuma gələn reklamlarını da qeyd etməsəm olmaz:



3. AyBilet.az

Bilet satışı ilə məşğul olan aybilet.az saytı da son zamanlar facebookda çox paylaşıldı. Fikrimcə sayta ad seçimi zamanı da məqsəd elə bu idi. Tanınma baxımından ok-dir, amma şəxsən mən belə ad qoymazdım.



Paylaşımları ilə də adlarının təsadüfən səhv anlaşılmadığını təsdiqləyirlər.



4. Kafe Düşbəri





Kafenin "düşbərə" sözünə bənzədilmiş adını maraqlı edən kafenin zirzəmidə yerləşməsidir, yəni kafeyə daxil olmaq üçün "bəri düşmək" lazımdır.
P.S. Vaxtilə Sahil metrosunun yanında "Düşbəri" kafesi var idi və o da zirzəmidə yerləşirdi. Daha sonra həmin yer adını "Quzuşka" etmiş, sloganını isə "Sənə quzu kəsərəm" formasında dəyişdirmişdi. Amma bu tamam başqa hekayədir. İndi ayrı ünvanda açılmış ayrı kafenin eyni şəxsə məxsus olub olmadığını dəqiq bilmirəm.

5. Dinner Döner


İngilis "dinner" (nahar) və "dönər" sözlərinin birləşməsi

Bu istiqamətdə daha çox fərqlənən Pub adları çıxıb qarşıma.

6. Beerbaşa




Bunu yəqin hamı tanıyır.

7. Beerloga



Rus sözü "берлога"-nın ingilis sözü "Beer" ilə yazılmış forması.

8. Pub Fiction

Kventin Tarantinonun 1994-cü ildə çəkdiyi "Pulp Fiction" (az. Kriminal qiraət) filminin adına bənzədilib və logosunda da filmin qəhrəmanı Uma Turmanın canlandırdığı Miya Volles personajı əks olunub. Əgər filmə baxmamısınızsa, bu bloq yazısını oxumağı yarımçıq saxlayın, gedin baxın :)


9. The Public



Sözün özünə heç bir dəyişiklik etmədən, sadəcə ingiliscə "public" sözünün "pub" hissəsini qabardıblar.


10. QaraLama

Siyahını ad ideyası özümə məxsus olan "QaraLama" adı ilə tamamlamaq istəyirəm. İdeya ad üçün qaralamalar edilərkən ağıla gəlib. Müəllifi Anar Qasımov olan logoda da dəvəkimilər ailəsindən olan və əsasən Cənubi Amerikada yayılmış lamanı görə bilərsiniz.



Adı düşündükdən sonra google-da axtarışa verib, həqiqətən də təbiətdə qara lamaların mövcud olduğunu öyrənmək maraqlı oldu :)