Norveçin Opera Software şirkəti Opera 12 veb-brauzerinin işıq üzü gördüyünü elan edib. Yeni versiya bir sıra yeniliklərlə seçilir. Bura yeni təkmilləşdirilmiş mövzuların dəstəklənməsi, kompüterin veb-kamerasına çıxışlı veb-əlavələrin dəstəklənməsi, sağdan sola yazma, yeni veb-standartlar və yeni proqramalşdırma interfeyslərinin (API) dəstəklənməsi daxildir.


Bundan əlavə WebGL aparat sürətləndirilməsinin eksperimental dəstəyi də yeniliklər sırasındadır. Opera 12 əlavə güc almaq üçün kompüterin qrafik kartından istifadə edə bilər. Belə sürətləndirmə qrafik əməliyyatlar sayı çox olan veb-əlavələrin və oyunların işini yaxşı təmin edir.
Təhlükəsizlik səviyyəsini bildirən nişanının məlumatlılığı artırılıb ki, bu da istifadəçilərin yararlandığı internet-saytların təhlükəsizlik siyasəti anlayışını yaxşı başa düşməyə imkan verir. Nişan sayt istifadəçisinin yeri barədə məlumatdan istifadə etdiyini və veb-kameraya çıxış istəməsini göstərir.
Opera 12-də plaginlər ayrıca proseslərdə işləyir, buna görə kəsintilər yarandıqda, brauzer iş qabiliyyətini qoruyur. Brauzerin sürəti əvvəlki versiya ilə müqayisədə artıb, səhifənin yüklənməsi, brauzerin işə salınması və HTML 5-in vizuallaşdırılması tezləşdirilib.
Brauzerə yeni dillər də əlavə olunub: ərəb, fars, ivrit, urdu və qazax. Hazırda Opera Azərbaycan dili daxil olmaqla 60 dili dəstəkləyir.
Opera 12-ni buradan yükləmək olar.