Avropanın ən prestijli film mükafatlarının verildiyi “Kann Kino Festival”ı (başqa adla, Kann beynəlxalq kinofestivalı-red.) “Netflix” istehsalı olan məhsullara embarqo qoyub.


Facemark.az xəbər verir ki, “Kann Kino Festivalı”nın direktoru Thierry Fremaux deyib ki, “Netflix” tərəfindən hazırlanan filmlər artıq “Palme d’Or” mükafatlarına namizəd olmayacaq.


Belə ki, ötən il “Kann Kino Festival”ında “Neftlix”in hazırladığı, Cənubi Koreyanın Bong Joon adlı rejissoru tərəfindən çəkilən “Okja” filmi nümayiş edilən zaman birdən ekranda “Netflix” sözü görünüb. Bu isə fransız rejissorlar tərəfindən etirazlara səbəb olmuşdu. Filmin sinema sektoruna aid olmayan ölçüsü isə etirazları daha da alovlandırmışdı.


“Netflix” istehsalı olan filmlərin “Kann Kino Festival”ında nümayiş edilməsinə qadağa qoyduğunu isə Fremaux, “The Hollywood Reporter”a (THR) verdiyi reportajda bildirmişdi. Festivalın direktoru isə reportajında qadağanın səbəbinin “Netflix”in filmlərinin kinoteatrlarda yayımlamağı rədd etməsi olduğunu açıqlamışdı.


“Ötən il festivala qəbul etdiyimiz “Okja” və “The Meyerowitz Stories” filmlərinin kinoteatrlarda yayımlanması üçün “Netflix”i razı sala biləcəyimi düşünürdüm. Amma səhv etmişəm. Onlar bu təklifi rədd etdilər. Ötən il ona görə, filmin festivalda nümayiş etdirilməsinə icazə vermişdim ki, festivala yeni enerji lazım idi. İstəyirdim ki, onlar başqa festivallara üz tutmasınlar”, - deyə T.Fremaux sözlərinə əlavə edib.


O, bildirib ki, bu ildən etibarən festivala qəbul ediləcək bütün filmlərin Fransız kinoteatrlarında nümayiş edilməsi məcburi olacaq: “Kino bu qızıl əsrdə və hər yerdə zəfər qazanmaqdadır. Kino tarixi və internet tarixi bir-biri ilə müqayisə edilə bilməz. Onlar fərqli anlayışlardır”.


Festivalın direktoru, həmçinin deyib ki, ABŞ şirkətinin istəyi əsasında onlar öz filmlərini “Kann Kino Festival”ında nümayiş etdirə bilərlər, amma onlar “Palme d’Or” mükafatını qazana bilməyəcəklər.