Gündəlik amerikan qəzeti "New York Post"un (NYP) 13 avqust tirajının ilk sərlövhəsində manşet xəbərlər deyil, "Supreme" markasının loqosu yer alıb.


Facemark.az xəbər verir ki, "Business Insider" nəşri yazır ki, brend qeyri-adi reklam fəndi edib, mühafizəkar qəzet isə bu addımı ilə gənclər arasında populyarlığını artırıb.


Qeyd olunur ki, markanın pərəstişkarları qəzetin 13 avqust tirajının demək olar ki, hamısını alıb, nəşri satışda tapmaq isə çətin olub. Satılan qəzetin qiyməti 10 dəfədən çox artıb. Başlanğıc qiyməti 1,5 dollar olan qəzeti 20 dollara almaq olub. Ekspertlər deyir ki, bu cür addım üsyankar markanın marketinq və reklam kommunikasiyasına tamamilə uyğun gəlir. Belə ki, daha əvvəl "Supreme" "Calvin Klein" markasının reklam afişalarının üzərinə öz loqotipini yapışdırmışdı. Bunun üçün isə qalmaqallı rəssam Damian Hirst işə cəlb edilmişdi.



"New York Post" isə əksinə mühafizəkar mövqedə dayanır. Bu cür qeyri-adi əməkdaşlıq NYP-ya, öz populyarlığını gənclər arasında artırmağa və satışların həcmini yüksəltməyə imkan verəcək.


Xatırladaq ki, geyim markası olan "Supreme"nin əsası hələ 1994-cü ildə ABŞ-ın Nyu-York şəhərində qoyulub. Markanın məhsulları musiqiçilər və skeyterlər arasında populyarlaşıb. Markanın reklam kampaniyalarında ayrı-ayrı vaxtlarda Keit Moss, Ledi Qaqa, Lu Rid, Nil Yanq kimi məşhurlar iştirak edib.