Böyük Britaniyanın, Oksford şəhərinin qeyri-kommersiya təşkilatı olan “Greater Change” yeni sosial məsuliyyət layihəsinə başlayıb.
Facemark.az xəbər verir ki, layihə çərçivəsində təşkilat evsiz şəhər sakinlərinə QR kodu (ing. Quick Response Code – “Tez cavab”) olan yaxa kartları verib. Təşkilat bununla insanların qəpik axtarmadan evsizlərə istədikləri miqdarda yardım etmələrinə şərait yaratmaq istəyib.
Həmçinin, evsizlərə yardım etmək istəyənlər yaxa kartlarında olan QR kodu telefonları ilə oxudaraq onların keçmiş və gələcək xəyallarına dair məlumatlar ala bilərlər. Layihə rəhbəri olan Alex McCallion isə QR kodundan istifadə etməklə insanları evsizlərə yardım etməyə təşviq edəcəyini düşünür. Onun fikrincə, yeni üsulla nağdsız cəmiyyətdə yaşayan ingilislər belə insanlara yardım edəcək.
Amma qeyri-kommersiya təşkilatının yeni layihəsi ilə bağlı cəmiyyətdə birmənalı fikir yoxdur. Belə ki, bəziləri düşünür ki, xeyriyyə işlərinə texnologiyanı daxil etmək düzgün deyil, bu həmin insanları supermarketdəki əşya statusuna endirir.
Evsiz qadından isə yeni layihə ilə bağlı sual verilib. Soruşulub ki, bununla onlar özlərini əşya kimi hiss edirlərmi? Qadın isə cavabında: “Bəli, amma boş verin. Əgər fikir sənin ehtiyaclarını əldə etməyə şərait yaradacaqsa, o yaxşı fikirdir!”.