Çoxları mənimlə söhbət etdikdə marketinq peşəsinin vurğunu olduqlarını söyləyirlər. Bu sözdən sonra Marketoloq olmaq üçün nə lazımdır sualı gəlir. Təbii ki, bu gün marketinq cəmiyyətdə ən ehtiyac duyulan və şirkətlərə fayda verə biləcək strukturların başında dayanır. Muasir dövrdə artıq hər bir şirkət keyfiyyətli məhsul və ya xidmət təklif etməlidir, müasir dövrdə qiymət mütləq müştərinin əldə etdiyi dəyərdən baha olmalı deyil və s. Bu baxımdan artıq biznesdə uğur qazanmaq yolu məhz müştərini başa düşmək və ona lazım olan dəyəri təklif etməkdir. Bunun üçünsə mütləq güclü marketinq, marketoloq olmalıdır. Mən bu yazıda problemə əks tərəfdən baxaraq, marketoloq olmamaq üçün nə lazımdır sualına cavab verməyə çalışacam.
Beləliklə başlayaq sadalamağa:
№ 1. Sərhədli düşünən adamdan marketoloq olmaz. Əgər mütəxəssis öz düşüncələrinin reallaşması üçün çox saylı maneələr qoyursa bu insan heç vaxt yaxşı marketoloq ola bilməyəcək. Bu tip insanlar daim öz düşüncələrini təxminən bu səpkidə edirlər: “Filan şey olsa idi əla olardı, lakin heyf ki bizim fabrikdə bu məhsul ola bilməz, filan şey olsa idi əla olardı, lakin heyf bizdə yetərincə büdcə yoxdur! və s.” Marketinq sərbəst düşüncəni sevir, marketinq çılğınlığı sevir, marketinq şablonu sevmir. Fikirlərimi bir neçə praktik misallarla əsaslandırım:
· Marketinq yeni konseptlər yaratmalıdır. Bunu etmək üçün sərhədli (ramkalı) düşünmək olmaz. Məsələn istehsal blokundan olan adam heç vaxt marketinqdə işləyə bilməz, çünki istehsal insanda sərhədli düşüncə xasiyyəti yaradır.
· Marketinq reklam strateqiyası qurmalıdır. Bunun üçün bənzərsiz və düzgün düşüncə tərzi olmalıdır. Sərhədli düşünən adam ən yaxşı halda hansısa uğurlu reklam konseptinin kopyalanmasını təklif edəcək, bizim işdə isə kopyalamaq olmaz!
· Marketinq fəaliyyəti vençur investisiyalara bənzəyir. Risk faizi yüksəkdir. Sərhədli düşünən adam heç vaxt vençur layihədə qol qoymaz çünki bu onun üçün yol verilməzdir, bu sərhədlərin aşılmasıdır.
№ 2. Risk etməyi bacarmayan adamdan marketoloq olmaz. Təsadüfi deyil, ki dünya səviyyəsində marketoloq ən tez iş yerini dəyişən peşələrin başında durur. Bu səbəblərdən biri də bu fəaliyyətin daimi risk altında olmasıdır. Maraqlı məqam burasındadır ki, bu peşədə risk etməkdən qorxmaq ən böyük riskdir! Fəaliyyətsizlik bizim peşədə ölümə bərabərdir. Əslində marketinqi fəaliyyəti aparan adamlar üçün ən böyük risk – risk etməməkdir. Marketoloq etdiyi işlərdən çox, etmədiyi işlərə görə cavabdehdir. Bu baxımdan risk etməyi bacarmayan marketoloq iş yerindən daha tez uzaqlaşdırılır. Əsaslandırılmasına keçək:
· Marketinq fəaliyyətinə çoxsaylı idarəedilməyən amillər təsir edir. Məsələn əgər Siz hansısa bir reklam kampaniyası keçirirsinizsə burada kampaniyanın uğurlu olub-olmasına xarici mühit amilləri də təsir edir və bəzən kampaniyanın uğurlu olmaması riskinin faizi çox yüksək olur.
· Marketinq biznesin mövcudluğuna təsir edən amillərin üzərində qurulmuşdur. Məsələn marketinqin verdiyi qərarlar əsasında qiymətqoyma siyasətini dəyişir, şirkətin (brendin) mövqeyi yenilənir, satış kanalları ilə iş dəyişə bilər. Başqa sözlə desək, marketoloq fəaliyyəti daim göz önündədir.
· Marketinq şirkətin ən yenilikçi strukturudur. Şirkətlərdə (söhbət marketinqi başa düşən şirkətlərdən gedir) marketoloqdan hər zaman yenilikçilik gözləyirlər. Yenilik isə ən riskli insan fəaliyyətidir. Çünki yenilik bügünə qədər analoqu olmayan fəaliyyətin üzərində durur və təbii olaraq uğursuzluq ehtimalı cari fəaliyyətlə müqayisədə çoxdur. Risk etməyi bacarmayan adam, yenilik gətirə bilməyəcək, yenilik olmasa isə marketinq yoxdur!
№ 3. İnandırmağı bilməyən adamdan marketoloq olmaz. Marketinq fəaliyyətinin başında müştərilərin ehtiyyaclarının məhz bu məhsul və (və ya) xidmətlər ödədiyinə inandırmaq durur. Biz iş fəaliyyətində satış komandasını inandırmalıyıq ki, məhz bu hədəflərə gələn il çatmaq olar, səhmdarı inandırmalıyıq ki məhz bu qədər büdcə verməsə biz hədəflərə çata bilmərik və ən əsası müştərilərimizi inandırmalıyıq ki məhz bizim malları alaraq Siz ehtiyyaclarınızı tam ödəyəcəksiniz… və s. və ilaxır. Hesab edirəm ki, mən Sizi inandıra bildim ki, Marketoloqun işi – inandırmaqdır!
Bütün bu deyilənlərlə yanaşı bir neçə digər fikirləri əlavə etmək istəyirəm. Marketinq bir layihə fəaliyyətidir. İstənilən şirkətdə uğurlu marketinq karyerası üçün ilk növbədə Siz layihə idarəedilməsinin baza prinsiplərini bilməlisiniz. Marketoloqun şirkətdə atacağı ilk addım səhmdarın marketinqdən nə gözlədiyini bilmək olmalıdır (layihənin birinci mərhələsi – hədəfin təyini), sonra marketoloq bu hədəfə çatmaq üçün vaxt və resurs amilini dəqiqləşdirməlidir (layihə idarəedilməsində buna üç bucaq metodu deyirlər), bundan sonra isə uğurlu hədəfin rəqəmsal ifadəsi təyin olunmalı, hesablanma indikatorları bilinməlidir. Yalnız bundan sonra marketinq şirkətdə “uğurlu” hesab edilə bilər… Unutmayın marketinq bir layihə fəaliyyətidir və təbii olaraq ki, hər bir layihənin başlanğıc və son nöqtəsi olmalıdır.
Marketinq peşəsini çətin və çətin olduğu qədər də maraqlı edən əsas prinsiplərdən biridə, marketinqdə şablonların işləməməsidir. Bizim sahədə bir standart var – müştəri. Qalan bütün şeylər dəyişkəndir və heç bir standarta uymur.
Müəllifin şəxsi bloqu: www.ilkinmanafov.com