CLM BBDO kreativ agentiyi və “NGO Care France” humanitar yardım şəbəkəsi #RespectezNosRegles (“Respect our Periods”) adlı kampaniya ərsəyə gətiriblər.
Facemark.az Rusiya mətbuatına istinadən xəbər verir ki, belə bir aksiyanın həyata keçirilməsində məqsəd inkişafda olan ölkələrin probleminə cəmiyyətin diqqətini cəlb etməkdən ibarətdir.
Qadınlar cəmiyyət tərəfindən qoyulan qadağa və məhdudiyyətlərə məruz qalır. Belə qadınlara izah olunur ki, menstruasiya dövrü biabrçılıqdır. Bundan başqa cinsi yetkinliyə çatan qızlara məktəbə getməyi də qadağan edirlər.
#RespectezNosRegles kampaniyası çərçivəsində Instagram-bloggerləri səhvlərlə dolu mətnlər yayımlamaqla, 12 yaşından məktəbi tərk edəcəkləri halda nə olacağını nümayiş etdirmək istəyiblər. Əsasən belə yaşda qızlar məktəbdən çıxarılmağa məcbur edilir.
Aksiyaya blogger Nataşa Berds (Natacha Birds) və komediya ustası Tristan Lopin daxil olmaqla bir sıra fransız ulduz qoşulub. Problemi göstərmək üçün bütün cəmiyyətlərə kəskin mesaj ötürən sosial çarx çəkilib: “Təsəvvür edin ki, siz məktəbə yenidən qayıtmaq üçün menopauza dövrünü gözləməlisiniz”.
Video çarxda səhər məktəbə hazırlaşan ana və qızını görürük. O, öz çantasını hazırlayır, ana qızını öpür və məktəbə getmək üçün sağollaşır. Qız ev işləri ilə məşğul olmaq üçün qalır, çünki ona məktəbə getmək qadağan edilib. Çarx, həm televiziya, həm də internetdə yayımlanacaq.
Qeyd etmək yerinə düşər ki, Afrikada hər 10 qız menstruasiya dövründə məktəbi tərk edir. Nepalda qızların 89%-i bu dövrdə ailələrin basqısı və digər təzyiqlərdən dolayı məktəbdən imtina edirlər. İranda qızların 48%-i isə düşünür ki, menstruasiya dövrü xəstəlikdir. Bu problemlər isə gigiyenik qorunmanın əksikliyi, qızların qınanması və bu barədə cəmiyyətdə informasiyanın qıtlığından qaynaqlanır.