Men’s Health kişi jurnalının rus versiyası öz işinə son verir.


Facemark.az-ın məlumatına görə, The Blue Print nəşri yazır ki, dekabrın 23-də çıxacaq nömrə jurnalın sonuncu buraxılışı olacaq.


“Bu mənim baş redaktor mövqeyindən imzaladığım jurnalın sonuncu buraxılışıdır. Bu rolu üç ildən artıq icra etdim. Düşünürəm ki, bu heç də mənim üçün pis illər deyildi. Etiraf etməliyəm ki, həm alqışlara, həm də çürük pomidorlara öyrəşməyi bacardım. Bununla belə, oxucularımıza hər şey üçün təşəkkür edirəm”, - The Blue Print, Men’s Health-un baş redaktoru Maksim Smelyakdan sitat gətirir.


“Yasno Pablişin”in rəhbəri-Men’s Health-un Rusiadakı naşiri Demyan Kudryavçev RBK nəşrinə jurnalın bağlanması xəbərini isə təsdiq edib.


Mediamenecerin sözlərinə görə, yerli bazarda kişi jurnallarının aqibəti çox ağırdır: “Onların reklam gəlirləri düşməyə davam edir”, - deyə o, qeyd edib.


Rusiyanın Kommunikasiya Agentlikləri Assosiasiyasının (AKAR) məlumatına görə, ölkədə çap mətbuatının reklam gəlirlərinin dinamikası 2019-cu ilin birinci üç rübü ərzində 18% azalma nümayiş etdirib.