İtaliyanın “Automobili Lamborghini” avtokonserni koronavirus-COVID-19 virusunun ölkə ərazisində yayılmasından dolayı, Boloniya (Emiliya-Romanyanın şimal sahəsi) yaxınlığındakı fabrikində bir-neçə emalatxananı yenidən təchiz edəcək.


Facemark.az-ın məlumatına görə, çərşənbə axşamı şirkətin rəsmi səhifəsində paylaşılan xəbərə görə, məqsəd yerli xəstəxananı təmin etmək üçün tibbi maskaların və üzü qorumaq üçün ekranların istehsalına başlamaqdır.


Bildirilir ki, kompaniya gündə 1000 ədəd maska istehsalını planlaşdırır. Tibbi vasitələr Sant' Orsola-Malpiqi yerli xəstəxanasına göndəriləcək.


“Lamborghini”nin baş direktoru Stefano Domenikalinin sözlərinə görə, ölkədə çox ciddi situasiya yaranıb, şirkət olaraq qərar verdik ki, İtaliyada koronavirusun yayılması ilə mübarizə üçün konkret addımlar ataq. O, deyib ki, Boloniyada yerləşən xəstəxana ona görə seçilib ki, adıçəkilən tibbi müəssisəsi ilə şirkət arasında uzunmüddətli əməkdaşlıq əlaqələri mövcuddur.


Ötən həftə isə Corc Armaniyə məxsus olan İtaliyanın moda evi “Armani”dən deyiblər ki, tibb işçiləri üçün bir dəfə istifadə edilə bilən xalatların istehsalına başlayacaqlar.


Bundan başqa, FCA (Fiat Chrysler Аutomobiles) yaxın həftələrdə elan etmişdi ki, onlarda tibbi maskaların istehsalına başlayırlar və ayda ən azı 1 milyon ədəd olmaqla bir dəfə üçü nəzərdə tutulmuş iynələr istehsal edəcəklər.


İtaliya yeni koronavirusdan dolayı ən çox ölüm sayının qeydə alındığı ölkələrin siyahısında birinci yerdə qərarlaşıb. Son məlumatlara görə, epidemiyaya yoluxanların sayı 100 000-i keçib.


Martın 10-dan bu yana isə ölkə daxilində karantindir və əhalinin hərəkətinə ciddi məhdudiyyətlər qüvvədədir. Xüsusilə ölkə ərazisində təhsil müəssisələri, mağaza, restoran, barlar, idman zalları, əyləncə mərkəzləri, gözəllik studiyaları, mədəniyyət müəssisələri və parklar bağlanılıb. İctimai nəqliyyatın fəaliyyəti 75% azaldılıb. Karantin rejimi ilə bağlı qaydalar dəfələrlə sərtləşdirilib. Məsələn, indi bu ölkədə karantin qaydalarını pozanları 400-3000 avro arası cərimə gözləyir. Ölkənin Səhiyyə Naziri Roberto Speranzanın sözlərinə görə, ölkədə karantin rejimi aprelin 12-ə qədər uzadılıb.