Bəlkədə bu serialın adını dəyişib “product placement” qoysaydılar daha təbii olardı...
TV izləyicilərinin reklama biganə yanaşmaları biznes dahilərinin yeni və daha effektiv alətlərə müraciət etməsinə səbəb olmuşdur ki, bunlardan da biridə izləmə prosesində əsas fayda olan film, serial və proqramlarda məhsul yerləşdirməsidir (product placement).
Embawood mağazasında keçən “şişirdilmiş” dəqiqələr, zeytun bağlarının süni tərifi, my brands aksiyalarının bayağı ifadəsi serialın dadını-duzunu qaçırmaqdadır...
Serialda məhsul yerləşdirmə baxımından fikrimcə ən uğurlu komponentlər kiçik mağaza fonunda Atena və Danone soyuducuları, rəflərdə müxtəlif brendlərə məxsus məhsulların düzülüşləridir. Brendlərin adlarının hallandırılmaması və mağazanın bir ailə serialının ssenarisinə ehmalca yerləşdirilməsi, reklam obyekti kimi istifadəsi təqdirə layiqdir. Əlbəttə serialın bütün seriyalarını təqib etmək imkanım olmayıb və tam məlumatım yoxdur ki, yuxarı abzasda qeyd etdiyim süniliklər bu mağazada da cərəyan edibmi...
1983-cü il istehsalı olan, baş roluna Tom Kruzun (Tom Cruise) çəkildiyi və Pol Brikmenin (Paul Brickman) rejissorluq etdiyi “Riskli Biznes” (Risky Business) filmində həyatda qalmaq üçün savaş verməkdə olan Ray-Ban şirkətinə məxsus günəş eynəklərinin Tom Kruz vasitəsi ilə nümayişi satışların 50 faiz artımı ilə nəticələnmişdi.
Uğurlu məhsul yerləşdirilməsi üçün ilk növbədə yayım müddətində daha az məhsul yerləşdirilməsinə (bir və ya bir neçə adda) yol vermək, brendlərin yersiz təriflərlə izləyicilərə təqdimatının qarşısını almaqdır. Çünki istənilən proqram və ya serialda izləyicinin məqsədi reklam deyildir. Onsuzda uzaq qaldığı reklam çarxlarının fərqli formatını birdə sevdiyi proqramda, serialda görməsi onda diskomfort yaradacaqdır.
İnsanlarımız arasında maraqlı bir yanaşma məhşurdur: Futbol İngiltərədə doğulub, Argentinada böyüyüb, Braziliyada evlənibvə Azərbaycanda ölüb... Bu gedişlə zənnimcə Marketinqin dəfn xərclərini də Azərbaycan qarşılamalı olacaq.