Daha ABŞ prezidenti Donald Trump-ın Huawei ilə bağlı davası bitməmiş, TikTok cəbhəsi açılıb. Bəs, nə oldu da dünənə qədər sosial medianın ayağı hesab edilən TikTok bir anda qlobal gərginliyin mərkəzinə çevrildi. Əslində, bu sualın cavabını dəyişən iqtisadi qaydalarda axtarmaq lazımdır. Amerika iqtisadiyyatının ən böyük 5 şirkətini artıq Alphabet (Google), Microsoft, Apple, Amazon və Facebook təşkil edir. Ölkə iqtisadiyyatı böyük miqyasda gücünü məhz bu şirkətlərdən alır.



Belə bir yanaşma var idi ki, artıq oturuşmuş bu şirkətlərə rəqib çıxmayacaq. Ancaq Çindən gələn səs belə düşüncələrin üzərindən xətt çəkdi. Uzun zaman idi ki, WeChat və Weibo kimi Çinin texnologiya şirkətlərinin sərhədləri aşıb, Amerika şirkətləri ilə ciddi bir rəqabətə daxil olacağı müzakirə edilirdi.


Ancaq TikTok göstərdiyi performans ilə bu mübarizənin çoxdan başladığını nümayiş etdirdi. Platforma 2020-ci ilin birinci rübündə 130%-lik böyümə əldə edib və 5,6 milyard dollar gəlir qazanıb. Sensor Tower-in məlumatlarına görə, Apreldə, həm iOS həm də Android cihazlarında TikTok-un yüklənməsi 2 milyardı ötüb keçib.



Rüblərin birində isə platforma 315 milyon dəfə yüklənib və ən çox yüklənən əlavə adını qazanıb. TikTok koronavirusun da təsiri ilə sürətlə böyüyüb və 18 yaş üstü və eləcə də orta yaş seqmentində olanlara da xitab edib. Eyni dövrdə Facebook 186,1 milyon, Instagram 151,8 milyon yükləmə performansı göstərib. Bu nəticələr isə onu göstərir ki, rəqabət qızışır.




Bir çox ölkələrdə koronavirusun təsiri azalmağa başlamasına baxmayaraq, TikTok performansını itirməyib. İyunda ən çox yüklənən oyun olmayan platforma olub. 90 milyon gəlir qazanıb. Siyahıda Çinin Tencent Video platforması YouTube-dan sonra gəlir. Ancaq Facebook, Twitter və Snapchat TOP 10-a daxil ola bilməyib.


Bundan başqa, boykotların da təsiri ilə Facebook başda olmaqla, Amerika sosial platformalarının gəlirləri sürətlə enir. TikTok isə yenilikçi gəlir modellərini yaradır və belə demək mümünsə oyuna yeni başlayır. Nəhəng reklamverənlərin radarına daxil olan TikTok-un reklam gəlirlərinin də sürətlə artacağı gözlənilir.


Trump-ın dəyərləndirməsi davam edir!


Donald Trump-ın TikTok-a qadağa qoymaq istəməsinin altında əslində dərin iqtisadi qorxu dayanır. Bəs bu qadağalar işə yarayırmı?


Oxşar səbəblərə görə, Amerika tərəfindən qadağa edilən Huawei Counterpoint Research-ün hesabatına görə, Apreldə Samsung-u geridə qoyaraq, ilk dəfə dünyanın ən böyük telefon istehsalçısı olub.


Yəqin ki, yuxarıdakı araşdırma Sizə çox şey dedi!