Pandemiya ilk olaraq Çində başladığında insanlar onun qlobal səviyyəyə gələcəyini düşünmürdülər. Və orada karantin dövrü başladığı zaman sosial media vasitəsilə yayılan Çindəki küçələrin boşluğu, insanların maska taxaraq gəzməyi, təhsilin dayandırılması, işlərin onlayn həyata keçirilməsi xəbərləri bütün dünyaya yayılsa da, digər ölkə vətəndaşları bunun sadəcə o ölkəyə məxsus olduğunu və orada qalacağını düşünürdülər.


Hətta digər ölkələrdə Çin vətəndaşlarına potensial virus mənbəyi kimi baxılır, onlardan uzaq durmağa çalışırdılar. Lakin sonrasında sadəcə filmlərdə görə biləcəyimiz səhnələr gündəlik həyatımızın bir parçası oldu.


Qloballaşma dövründə yaşamağımızın nəticəsi olaraq pandemiya bütün dünyaya sürətli olaraq yayıldı. Nəticədə pandemiya istehsaldan istehlaka, beynəlxalq münasibətlərdən təhsilə, nəqliyyatdan əyləncəyə ağlınıza gələ biləcək hər sahədə öz təsirini göstərdi. Əhalinin sağlamlığının müdafiəsi üçün sosial məsafənin qorunması təmin etmək məqsədli dövlət səviyyəsində məhdudlaşdırıcı qanunlar qəbul olundu.


Belə ki, təhsil sahələri, bir çox iş yerləri, ticarət obyektlərinin fəaliyyəti, toy və yas mərasimləri və s. qadağan olundu. İnanılmaz sürətlə yayılma potensialına sahib virusdan şəxsi gigiyeniyaya diqqət yetirilməsi, əllərin tez-tez yuyulması, sosial məsafənin qorunması və evdə oturmaq kimi yollardan istifadə edərək qorunmaq tövsiyələri bütün KİV-də öz əksini tapdı. Əksəriyyət məsuliyyətli şəkildə qaydalara riayət etməyə başladı.


Bəs bütün bu qaydalar Azərbaycan əhalisinin həyatında nə kimi dəyişikliklərə səbəb oldu? Sosial həyatımız bütün bu məhdudiyyətlər nəticəsində daha çox virtuallaşdı. Artıq evlərimiz, həm iş yerimiz, həm təhsil ocağımız, həm də idman zalımız olmaq məcburiyyətində qaldı.


İdman zallarının bağlanması nəticəsində bir çoxları sağlamlıqlarını qorumaq üçün ev şəraitində idman etməyə başladı və bəlkə də, bununla da fit olmaq üçün zallara getməyin mütləq olmadığını anladılar. Eyni zamanda, pandemiya müddəti qidanlanmağımıza da öz təsirini göstərdi. Daha çox uşaqların inkişafı, ya da xəstə ziyarəti üçün alınan meyvələr artıq qida rasionumuzun ayrılmaz parçasına çevrildi.


Həmçinin, cəmiyyətimizin həyatında önəmli yeri olan toy adət-ənənələrindən uzaq qalmalı olduq. Lakin cəmiyyətimizin toy mərasimlərindən uzaq qalmağının mənfi tərəfləri ilə yanaşı, müsbət tərəfləri də var. Belə ki, toy mərasimini dəbdəbəli, təntənəli keçirmək bizim olmazsa olmazlarımızdandır. Hətta toya 500 nəfər çağırıldıqda belə bu say az hesab olunur və artıq toy yiyəsi tanışların arasında ictimai qınaq obyektinə çevrilir. Yəni, bir növ toya xərclənən maddiyata valideynlərin uşağına verdiyi önəmin göstəricisi kimi baxılır.




Halbuki, hər kəs övladı üçün ən yaxşısını etmək istəyir, bəzən isə sadəcə olaraq istəmək kifayət etmir. Nəticədə aztəminatlı ailələrimiz borc-xərc eliyərək istədiyinə nail olur, amma bu yeni qurulan ailənin böyük bir yükün altına girməsi mənasına gəlir.


Ona görə də, ümid edək ki, bütün bu məhdudiyyətlər nəticəsində cəmiyyətimiz toy mərasimlərinə icazə veriləndən sonra da onların daha sadə və daha az insanın iştirak edərək təşkil olunmasını norma kimi qəbul edərlər.


Sonluq olaraq onu qeyd edək ki, Azərbaycanda pandemiyanın başladığı gündən bu günə qədər günlük yoluxma halının ən pik həddi worldometers.info saytına, əsasən iyun ayının 24-də 590 nəfər olaraq qeydə alınıb. Lakin ən son statistikaya, əsasən yoluxma sayı 91-dir. Belə ki, yoluxma halı azalmağa doğru gedir, lakin bu o demək deyil ki, artıq heç bir tədbir görməyə ehtiyac yoxdur.


Daha da diqqətli olmaq lazımdır ki, virusun daha artıq yaşama şansı qalmasın. Buna da sadəcə tapşırılan qaydalara ciddi əməl edərək nail ola bilərik.


Təbii ki, bizim kimi fiziki olaraq daha yaxın məsafəli sosial münasibətlər qurmağa adət etmiş cəmiyyətdə sosial məsafənin qorunmasına pandemiyadan sonra davam etmək çətin ola bilər.


Müəllif: Y.A.