Covid-19 pandemiyasından öncə beynəlxalq reklam investisiyasının 2020-ci ildə 7.1% artacağı düşünülürdü. İndi isə dəyişən istehlakçı davranışının nəticəsi olaraq 8.1 % azalma (təxminən 50 milyar dollar) müşahidə edilir. Pandemiya öncəsi böyümə nəzərə alındıqda toplam zərər 96.4 milyar dollar təşkil edir. Lakin reklam investisiyalarında müşahidə olunan bu azalmanın yaxın illərdə asanlıqla düzələ bilməyəcəyini qeyd edə bilərik.


İstehlak vərdişlərimizin kəskin dəyişdiyi bu dövrdə reklamçılığın da tamamilə fərqliləşdiyini qeyd edə bilərik. Demək olar ki, hər bir istehlakçının diqqətini çəkən bu məsələyə daha yaxından nəzər yetirsək, dəyişən marketinq strategiyaları ilə birlikdə reklam sahəsinin xərclərinin fərqləndiyini görürük. Beynəlxalq marketinqdə ənənəvi və rəqəmsal mediaya reklam investisiyaların qoyuluşu böyük həcmdə fərqli istiqamətlərə yönəlməyə başlayıb.


Bildiyiniz kimi, ənənəvi reklam vərdişlərinə artıq üstünlük verilmir. Məsələn, bilbord reklamları, radio və qəzet reklamları pandemiyadan əvvəlki dövrə nisbətən çox azaldı. Bunun əksinə olaraq, sosial media və onlayn video reklamları artmaqdadır.


Visual Capitalist saytındakı Dünya Reklam Tədqiqatları Mərkəzinin (WARC) məlumatlarından istifadə edərək Katie Jones-un yazdığı məqaləyə əsasən, pandemiyadan əvvəl gözlənilən reklam xərcləri və pandemiyadan sonrakı xərclər müqayisə olunduqda ciddi şaquli azalma müşahidə edilir.


Fəqət istehlakçıların evdə daha çox vaxt sərf etmələri ilə bərabər bir çox önəmli marka media reklamlarına daha çox büdcə ayırır. Əlbəttə ki, televiziya və radio kimi ənənəvi reklam məcralarına deyil, rəqəmsal reklamlara fokuslanma daha da artmışdır. Xüsusilə, Çinin ən böyüklərindən biri olan Tencent Holdinq, rəqəmsal reklam gəlirlərinin 2020-ci ilin birinci rübündə bir öncəki ilə nisbətən 32% artdığını bildirdi.


Mütəxəssislər son zamanlarda daha çox qeyd edirlər ki, ənənəvi media formatları dövrü çoxdan bitib. Deyəsən Covid-19 da bu sahənin sonunu tamamilə gətirən son nöqtə ola bilər.


2020-ci ilin qalan dövrü ilə bağlı proqnoza görə isə, hər cür ənənəvi media formatları üzrə xərclər azalacaq. Onlayn media formatları üzrə isə xərclərin artacağı qeyd edilir.


Rəqəmsal reklamçılığa xərclər artsa da, bilbord reklamları yenə də çoxluq təşkil edir. Bu isə onu göstərir ki, ənənəvi reklamçılığa yönələnlər heç də az deyil.