Gündəlik həyatımızda hər gün yüzlərlə insanla qarşılaşırıq. Hər bir insanın özünəməxsus davranış, danışıq, geyim və s. üslubu olduğunu dəfələrlə müşahidə etmişik. Lakin hər bir hərəkətimiz sadəcə buzdağının görünən tərəfidir. Görünməyən tərəfə isə ailəmizin, müəllimlərimizin, dostlarımızın bir sözlə doğulduğumuz gündən yaşadığımız bu ana qədər həyatımıza daxil olan insanların bizlərdə yaratdığı təsirləri aid edə bilərik. Araşdırmalara, əsasən qeyd olunur ki, insan xarakterinin formalaşması prosesi ana bətnindən başlayır. Və nəticədə bir fərdin yetişməsində ən ümdə rol valideynlərə düşür. Lakin uşaq yetişdirməyin də özünəməxsus üslubu var, təəssüf ki, buna da bəzi valideynlər sahib deyil. Bizdə olan “Uşaqdı da, nə qanır?” anlayışına görə çoxları uşağın yanında dalaşır, danışığına diqqət etmir, birinin üzünə gülüb arxasınca danışır, başqalarının qeybətini edir və sonra da “Bu uşaq niyə belə oldu?”, “Oxşadı oxşamışdarına” tipli ifadələr işlədilir. Lakin o uşaq çox şey “qanır”, təsəvvür edə bilməyəcəyinizdən də çox, onun beyni ağ səhifədi və uşaqlıq dövründə yaşadığı təcrübələr beyninə silinməyəcək şəkildə həkk olunur və sizin etdiklərinizi tək doğru hesab edir.


Sonra da məktəb dövrü gəlir burda da bəxti gətirməyən bəzi uşaqlar müəllimliyin nə olduğunu belə qavramayan üslubsuzların əlinə düşür. Nəticədə şagird ən xırda səhvində belə böyük məzəmmətlərə məruz qalır, dərs danışmağı sadəcə kitabda yazılanı əzbərləyib danışmaqdan ibarət olduğunu düşünür, biliyin yox, qiymətin önəmli olduğunu hesab edir, müəllimin isə sadəcə bir məqsədi olur, o da bugünkü dərs gününü tezliklə bitirmək və nəticədə, bütün diqqət saata yönəlir və dərsin nə vaxt bitəcəyi böyük səbirsizliklə gözlənilir.


Universitetdə də eyni mənzərə ilə qarşılaşıla bilər, dərs saatının dolu-dolu keçməsinə deyil, sadəcə keçməsinə diqqət edən müəllimlərə rast gələ bilərsiniz.


İş yerində də sadəcə əmrlər verən, gücünü mövqeyindən alan, təkəbbürlü, yüksək səslə danışan, qürurunuzu hər fürsətdə incitməyə çalışan, cəsarətinizi qırmağa çalışan müdirlərlə qarşılaşa bilərsiniz.


Bunlardan əlavə gündəlik olaraq yeridiyimiz yolda, mindiyimiz nəqliyyat vasitələrində, oturduğumuz kafedə, bir sözlə, hər yerdə danışıq və davranış üslubu olmayan insanlarla mütləq qarşılaşırıq. Bu insanlar aqressiyanı həyatlarının mərkəzinə qoymuş kimi davranır, sanki dalaşmaq üçün bəhanə axtarırlar. Ən xırda anlaşmazlıq belə böyük aqressiv reaksiya ilə nəticələnir. Aqressiyanın yönəldiyi insanın isə uşaq, xanım və ya yaşlı olması heç bir fərq etmir. Lakin bütün bunların ən maraqlı tərəfi həmin insanlar sizə qarşı səhv etdikdə belə özlərini dünyanın ən haqlı insanı olaraq görür və səhv olan sadəcə siz olursunuz. Nəticədə, bu xarakterdə insanların nəzakətsizliyi və hörmətsizliyi digər insanların da nəzakətsiz və hörmətsiz davranmağına səbəb olur. Və bu döngüdən qurtulmadıqca yaxşılığa doğru dəyişikliklərin olacağını gözləmək qeyri-mümkündür.


Qısası, həyatımızın hər dönəmində, hər anında üslubu olduğunu düşünən üslubsuzlara görə həyat daha da yaşanmaz hala gəlir. Bununla bağlı həyatımızı daha da yaşanılası hala gətirməyin dərdində olan “Yaxşılıq Gör, Yaxşılıq Et” (Pay It Forward) filmini qeyd etmək istərdim.


“Dünyanı dəyişdirmək üçün bir fikir tap və reallaşdır”- bu, filmdə Mr. Simonet-in 7-ci sinif şagirdlərinə verdiyi ev tapşırığı idi. Şagirdlərdən Trevorun fikri filmin mövzusunu formalaşdırır. Belə ki, birinin başqa birinə yaxşılıq etməsini, yaxşılıq görənin də başqa 3 nəfərə yaxşılıq etməli olduğunu və nəticədə xeyirxahlığın davamlı olaraq çoxalması və sonda dünyanın dəyişməsi idi. Bu fikrin real həyatda həyata keçməsi bəlkə mümkün, bəlkə də imkansızdır.


Amma, Mr. Simonet-in şagirdlərindən istədiyi dünyanı dəyişdirməkləri deyil, dünyanı dəyişdirməyə cəhd göstərməkləri idi.


Müəllif: Y.A.