İnternet istifadəçilərinin sürətlə artması və getdikcə insanların daha çox vaxtını sərf etdiyi virtual məkan şirkətlərin öz reklam siyasətinə dəyişiklik etməsini və reklam büdcələrinin bir hissəsini bu istiqamətdə ayırmasını zəruri etdi. İlk əvvəllər onlayn reklam bazarı şirkətlər üçün o qədər də cəlbedici hesab olunmurdu. Bəziləri insanların onlayn reklamlara əhəmiyyət vermədiyini, digərləri isə tarqetinq(hədəf kütləsi) məsələsində tərəddüd edirdilər.
Lakin internet reklamın təkcə e-poçt vasitəsilə yayılan spamlardan ibarət olmadığını anlamaq üçün cəmi bir neçə il yetərli oldu. Reklam baneri, video reklam, axtarış sistemlərində reklam, sponsorluq və digər formalar onlayn reklam bazarını sürətlə genişləndirmiş oldu. İkinci bir tərəfdən nüfuzlu şirkətlərin və akademik müəssisələrin apardığı sorğu və araşdırmaların nəticəsi də şirkətlərin bu reklam sahəsinə olan münasibətinə yenidən baxmasına əsaslı təsir göstərdi.
E-marketer-in 2011-ci ildə apardığı araşdırmaya görə ABŞ-da onlayn reklam bazarının ümumi həcmi 2010-cu ildə 14,9 faiz artaraq 26 milyard dollara çatıb. Növbəti ilə olan proqnozlara görə isə 20,2 faiz artımla bazarın ümumi həcmi 31 milyarda çatacaq. 2010-2015-ci illlər üzrə hazırlanan 5 illik proqnoza görə artım davamlı olacaq və 2015-ci ildə 49,5 milyarda çatacaq.
2011-ci ildə onlayn reklama sərf olunan vəsaitə görə isə ilk 5 yeri pərakəndə satışla məşğul olan şirkətlər, telekommunikasiya şirkətləri, bank və sığorta şirkətləri, avtomobil şirkətləri və texnologiya şirkətləri bölüşdürür.
Onu da qeyd etmək lazımdır ki, 2011 və 2012-ci ilin ilk 6 ayına olan nəticələr proqnozların heç də şişirdilmiş olmadığına və hətta bəzi sahələrdə proqnozu üstələdiyini göstərdi. Xüsusən sosial şəbəkələrdə yerləşdirilən rekama maraq durmadan artmaqdadır.
Ölkəmizdə də onlayn reklama maraq son illərdə nəzərəçarpacaq dərəcədə artır. Hələlik bu sahədəki inkişaf özünü yalnız bir neçə sahədə göstərir. Əsasən telekommunikasiya şirkətləri, kommersiya bankları və bəzi yerli brendlərin onlayn reklama olan marağı diqqət çəkir. Xüsusən sosial şəbəkələrdə reklama və populyar saytlarda öz banerlərinə yerləşdirməyə yerli şirətlər daha çox üstünlük verir.
Lakin müqayisə etdikdə hələ də şirkətlərin televiziya kanallarında yerləşdirilən reklama daha çox pul xərcləməyə hazır olduğunu görmək olar. Onlayn reklama maraq göstərənləri isə reklam büdcələrinin böyük olması hesabına onlayn reklamdan köməkçi vasitə kimi istifadə edənlər və reklam büdcələri çox kiçik olması səbəbindən onlayn bazarı yeganə ümid yeri və çıxış yolu hesab edənlər olmaqla iki qrupa ayırmaq olar.