Ödənişli məzmunu reklamlardan üstün tutanlar üçün Instagram yeni funksiya barədə araşdırdığını açıqlayıb.


Facemark.az “The Information”a istinadən xəbər verir ki, Instagram məzmun yaradıcılarının pul qazanması üçün yeni üsullar araşdırır.


Bunlardan biri abunə haqqıdır. Bu abunə haqqı yalnız xüsusi məzmunlara şamil olunacaq.


Instagramın rəhbəri Adam Mosseri qəzetə verdiyi müsahibədə qeyd edir ki, bəzi istifadəçilər üçün eksklüziv kontentə pul ödəmək reklamlara baxmaqdan daha maraqlıdır: “Kommersiya məqsədilə kontent yaradan istifadəçiləri təqdir edirəm. Bu üsulla onlar uzun müddət pul qazana bilirlər”.


Qeyd edək ki, Instagram ödənişli abunəliklə bağlı layihə təqdim edən ilk platforma deyil. 2018-ci ildə YouTube ödənişli abunəlik layihəsinə start verib. Kontent yaradıcıları xüsusi kontent yaradıb bunun qarşılığında müəyyən məbləğ tələb edə bilirlər. Funksiya Azərbaycanda hələki aktiv deyil.


Twitter də bu ilin əvvəli abunəlik haqqı ilə bağlı elan paylaşıb. Ödənişli profildə insanlar göndərilən mesajı ləğv edə, əməkdaşlıq edilən saytları reklamsız gəzə və mesajları kolleksiyalar ilə birləşdirə biləcək. Aylıq abunə haqqı 2.99$ təşkil edir.