“Google” internet-şirkəti Ukraynanın üzlərin tanınması texnologiyasının hazırlanması ilə məşğul olan “Viewdle” startapını satın almaq niyyətindədir. “Google” üzlərin tanınması texnologiyasını “Google+” sosial şəbəkəsi, “Picasa” xidməti və “Android” mobil platformasında istifadə edə bilər.

“BusinessWeek” nəşrinin məlumatına görə, “Viewdle” firmasında 36 əməkdaş çalışır. Mənbənin məlumatına görə, saziş bağlandıqdan sonra onlar “Google”-da çalışacaqlar. “Google” və “Viewdle” nümayəndələri saziş haqqında informasiya verməkdən imtina ediblər.
“Google” üzlərin tanınması texnologiyalarına çoxdan maraq göstərir; şirkət bu məqsədlə 2011-ci ilin iyulunda “PittPatt” startapını satın almışdı.