Kanadanın “Research in Motion” (RIM) şirkətinin baş direktoru Torsten Heyns bir daha əmin edib ki, “BlackBerry 10” (BB10) əməliyyat sistemi (ƏS) 2013-cü ilin əvvəlində istifadəyə veriləcək. O vurğulayıb ki, “BB10” platformasını hazırda təxminən 50 mobil rabitə operatoru sınaqdan keçirir.

Hazırda “RIM” şirkətinin maliyyə vəziyyəti heç də ürəkaçan deyil. “Android”-smartfonlar və “iPhone” istehsalçısının rəqabətinə tab gətirə bilməyən “BlackBerry” smartfonları 2008-ci ildən etibarən bazar dəyərinin təxminən 95 faizini itirib.
Xatırladaq ki, “BlackBerry 10” ƏS-i mayda təqdim edilmişdi. “RIM” şirkəti bütün ümidlərini ona bağlayıb. ƏS-nin sentyabrda istifadəyə verilmiş beta-versiyası istehsalçı və mobil rabitə operatorlarından müsbət rəylər almışdı.

“BB10” platforması ilə işləyən smartfonların yayda, daha sonra payızda istehsal ediləcəyi gözlənilirdi. Lakin ƏS-nin relizi bir neçə dəfə təxirə salınıb. “RIM” ləngiməni şirkətin bazara “xam” məhsul çıxarmaq istəməməsi ilə izah edib.

Nəticədə “BlackBerry 10” ƏS-i və onunla işləyən smartfonların istehsalı 2013-cü ilin birinci rübünə keçirilib. Heyns şirkətin ƏS-nin relizini bu dəfə təxirə salmayacağı ilə bağlı bəyanatından sonra “RIM”-in səhmlərinin qiyməti noyabrın 1-də 9.8 faiz artaraq 8.7 dollar təşkil edib.