Gartner tədqiqat şirkəti 2012-ci ilin üçüncü rübündə smartfon və mobil telefonların satışına dair məlumatları dərc edib. Rüb ərzində ümumilikdə 427,7 milyon mobil telefon satılıb ki, bu da ötən ilin 441,5 milyon ədədə bərabər olan göstəricisindən 3,1 faiz az olsa da, 419 milyon ədədin satıldığı ötən rübün satış həcmindən çoxdur.


 


“İki rüb ərzində ardıcıl olaraq mobil telefonların satışında müşahidə olunan azalmadan sonra həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan ölkələrdə bu qurğulara tələbatın artdığı sezilir. Çində mobil qurğuların satışı smartfonların satış həcminin artması sayəsində yüksəlib, eyni zamanda baza funksiyalı mobil telefonlara tələbat zəifləyib. İnkişaf etmiş ölkələrdə yeni modellərin buraxılması ilə əlaqədar əvvəlki qurğuların satış həcmində artım müşahidə olunub”, - deyə Gartner Technology & Service Provider Research şirkətinin baş analitiki Anşul Qupta bildirib.


 


Üçüncü rübdə mobil telefonlar bazarında 97,9 milyon mobil telefon satan Samsung şirkəti lider olaraq qalır (şirkətin bazar payı 22,9 faiz təşkil edib).  


 


İkinci yerdə 82,3 milyon satılmış mobil telefon və bazar payı 19,2 faiz olmaqla Nokia şirkəti qərarlaşıb.



Cənubi Koreya şirkətinin satış həcminin yarısından çoxunu ( 55 milyon ədədə yaxın) smartfonlar təşkil edib ki, bu da mobil bazar strukturunda xeyli dəyişikliklərin baş verdiyini açıq aydın sübut edir.  


 


Ötən ilin analoji dövrü ilə müqayisədə mobil telefonların satış həcminin azalması fonunda smartfonların populyarlığı xeyli artıb. Bu kateqoriyalı qurğuların satışı 46,9 faiz – 2011-ci ildəki 115,2 milyon ədəddən 169,2 milyon ədədədək artıb. Hazırda smartfonların mobil qurğuların satış həcmində xüsusi çəkisi 39,6 faiz təşkil edir.


 


Smartfonlar bazarında mütləq lider SamsungApple şirkətləridir. Onların bazardakı payı 46,5 faizə bərabərdir. Əməliyyat sistemləri arasında birincilik bazarın 72,4 faizinə sahib olan Android-ə məxsusdur. İkinci yerdə 13,9 faiz bazar payı ilə iOS əməliyyat sistemi qərarlaşıb. Bununla yanaşı, 2011-ci ilin üçüncü rübündə bazarda iştirakını 11 faizdən 5,3 faizədək azaldan RIM şirkəti mövqeyini itirməkdə davam edir, habelə bir vaxtlar məşhur olan Symbian əməliyyat sistemi də bazardakı payını 16,9 faizdən 2,6 faizədək azaldıb. Həmçinin ötən il bazardakı payını 1,5 faizdən hazırkı 2,4 faizədək artıran Microsoft Windows Phone əməliyyat sisteminin populyarlığının artmasını da qeyd etmək lazımdır.