Windows Phone 7.8 mobil əməliyyat sistemi 2013-cü ilin əvvəlində işıq üzü görəcək. Bu barədə Microsoft korporasiyasının nümayəndələri rəsmi bloqda məlumat veriblər.
WP7.8-dək yenilənməni WP7.5 əməliyyat sisteminin idarəetməsi ilə işləyən qurğu sahibləri əldə edəcəklər. Bundan başqa, əməliyyat sistemindən gələn il satışa çıxarılacaq yeni smartfonlar da yararlanacaq.
WP7.8-in xüsusiyyətləri arasında Microsoft nümayəndələri WP8-də olduğu kimi üçölçülü “canlı plitka”ları, ekranın bloklanması və blokdan açılması, həmçinin yeni rəng çalarlarını sadalayıblar.
Microsoft bloqunda yerləşdirilən məlumatı şərh edən əksər istifadəçilər qeyd ediblər ki, şirkətin WP7.8-in buraxılmasının 2013-cü ilədək təxirə salınması ilə bağlı qərarından məyus olublar. Çünki əməliyyat sisteminin WP8 ilə eyni vaxtda və ya 2012-ci ilin sonunadək buraxılacağı gözlənilirdi.
WP7.8 və WP8 əməliyyat sistemləri eyni vaxtda – 2012-ci ilin iyununda nümayiş olunub. WP8 oktyabrın sonunda çıxıb və NT nüvəsinə əsaslanır, habelə onu köhnə smartfonlarda quraşdırmaq mümkün deyil.