"Microsoft" korporasiyası "Hotmail" istifadəçilərinə "Outlook.com" poçtuna keçməyi təklif edəcək. Şirkət növbəti həftələr ərzində "Hotmail" istifadəçilərinə dəvət göndərəcək, həmçinin poçtda "Outlook.com"-un reklamını əks etdirəcək.

2013-cü ildə istifadəçilərin yeni elektron poçta cəlb edilməsi kampaniyası daha irimiqyaslı şəkildə həyata keçiriləcək, "Outlook.com"-da məhsulun idarə edilməsi üzrə direktor Devid Lou bildirib. Hazırda yeni poçta keçid hələ ki könüllülük prinsipi əsasında aparılır.

Lakin Lou vurğulayıb ki, "Microsoft"un məqsədi bütün "Hotmail" istifadəçilərini "Outlook.com"-a keçirməkdir. Məlumat üçün bildirək ki, "Outlook.com" poçtu cari il iyulun 31-də istifadəyə verilib. Onun dizaynı "Windows 8" stilində hazırlanıb, məktubun daxilində fotolara, videoya və sənədlərə baxmaq imkanı, məktubların qovluqlar üzrə avtomatik çeşidlənməsi, həmçinin "Skype" internet-telefoniya və "SkyDrive" "bulud" anbarı ilə inteqrasiya mövcuddur.

"ComScore" analitik şirkətinin məlumatına görə, 2012-ci ilin oktyabrında "Hotmail" populyarlığa görə ikinci poçt xidməti elan edilib. Onun istifadəçilərinin sayı 286,2 milyona bərabərdir. "Hotmail" poçtu 1996-cı ildə istifadəyə verilib. "Microsoft" şirkəti 1 ildən sonra bu xidməti satın alıb.